Prezident: Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır

Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır. Bizim dostlarımızın sayı artır, bizi dəstəkləyən ölkələrin sayı artır. Təkcə bir misalı gətirmək kifayətdir ki, biz bunu sübut edək, o da 155 ölkənin bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına üzv kimi dəstəkləməsidir. Bu, beynəlxalq aləmin mütləq əksəriyyətidir. Bu dəstəyi biz öz siyasətimizlə qazanmışıq. O siyasət ki, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Biz bu prinsiplərə sadiqik. Bu prinsiplər bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməlidir.

Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında deyib.

“Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

2018-02-08 / 16:18
Facebook