• flag
  • SOCAR: “Şahdəniz-2”dən illik qaz hasilatı 9 milyard kubmetrdən 25 milyard kubmetrə qədər artacaq

     

    “Şahdəniz-2”dən illik qaz hasilatı 9 milyard kubmetrdən 25 milyard kubmetrə qədər artacaq.

    Bu barədə SOCAR məlumat yayıb.

    “Azərbaycanın ən böyük qaz-kondensat yatağı “Şahdəniz-2” çərçivəsində qaz hasilatına bu il başlanması planlaşdırır. Layihənin reallaşdırılması ilə illik qaz hasilatı yataq üzrə 9 milyard kubmetrdən 25 milyard kubmetrə qədər artacaq”, - deyə SOCAR-ın məlumatında bildirilir.

    Qeyd edək ki, “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 16 quyu qazılıb. Həmin quyulardan 6-sı tamamlanıb, yəni istismara hazır vəziyyətə gətirilib. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. “Şahdəniz-2” üçün tikilən iki platformanın dayaq blokları və üst tikililəri artıq dənizdə quraşdırılıb. Xankəndi gəmisi yataqda sualtı qurğuların quraşdırılması işlərinə başlayıb. Hazırda “Şahdəniz-2” üzrə dənizdəki qurğular, sualtı boru kəmərləri, genişləndirilən Səngəçal terminalı və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərində (CQBKG) istismar sınaqları aparılır. Ümumilikdə “Şahdəniz-2” yatağının tammiqyaslı işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlər 99 faiz icra olunub.

    “Cənub Qaz Dəhlizi” ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qaz Türkiyə və bu ölkədən də Avropaya çatdırılacaq. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının cari ildə Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.

    2018-01-29 / 12:16
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7001
    EUR 2.1060