Prezident İlham Əliyev: Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir

 

Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır.

Bu fikirləri Prezident İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda söyləyib.

“Bizim problemimiz aqressiv separatizmdir”, - deyən dövlətimizin başçısı qeyd edib ki, əli silahlı erməni quldur dəstələri soyqırımı törətmişlər, zor gücü ilə torpaqlarımızı işğal etmişlər, günahsız insanları bu torpaqlardan qovmuşlar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir.

Azərbaycan Prezidenti onu da vurğulayıb ki, bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir.

2017-12-21 / 15:42
Facebook