Prezident: “Azərbaycan Asiya ilə Avropa arasında siyasi baxımdan körpü rolunu oynayır”

“Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

”Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən yüksək səviyyədə həllini tapıb. Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir”, - deyə o vurğulayıb.

 

 

2017-12-21 / 15:12
Facebook