Polşada ölkələrimiz arasında diplomatik əlaqələrin 545 illiyinə həsr olunan xatirə lövhəsi açılıb

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və bu elmi müəssisənin əməkdaşları – elmi katib İradə Əliyeva, şöbə müdiri Şahin Fərzəliyev və polyak dili üzrə mütəxəssis Nərmin Qafarlı Polşada elmi ezamiyyətdə olublar.

Tarix İnstitutundan bildirilib ki, səfər çərçivəsində alimlərimiz Polşanın Torun şəhərindəki IV Kazimir Yaqellonçik adına liseydə ölkələrimiz arasındakı diplomatik əlaqələrin 545 illiyinə həsr olunan elmi konfransda iştirak ediblər.

Tədbirdə Y.Mahmudov vurğulayıb ki, Azərbaycan-Polşa diplomatik əlaqələrinin tarixi 1472-ci ilə təsadüf edir. O deyib: “1472-ci ildə Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən diplomatik missiya üçün Polşaya nümayəndələr göndərib. Belə ki, azərbaycanlı nümayəndələr Polşa kralı IV Kazimir Yaqellonçiklə diplomatik danışıqlar aparıblar”.

Uzun Həsənin IV Kazimirə göndərdiyi məktubların nümayiş etdirildiyi tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bildirib ki, bu məktublar Krakov şəhərindəki Əlyazmalar Fondunda saxlanılır.

Sonra Torundakı liseydə Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Uzun Həsən və IV Kazimirə həsr edilmiş xatirə lövhəsinin açılışı olub.

Konfransın işində fəallıq göstərənlər mükafatlandırılıblar.

Səfər çərçivəsində tarixçi alimlərimiz Varşavada Azərbaycan ordusunun polyak generalı Məmməd bəy Sulkeviç (1865-1920) və Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigarın (1897-1971) xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Y.Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin nəzdindəki Avropaşünaslıq İnstitutunda, bu ali təhsil ocağının şərqşünaslıq fakültəsində və Polşa Elmlər Akademiyasının (PEA) Tadeuş Manteyfel adına Tarix İnstitutunda görüşlər keçirib.

AMEA-nın Tarix İnstitutu ilə PEA-nın Tarix İnstitutu arasında əldə edilmiş razılığa əsasən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, həmçinin Polşanın müstəqilliyinin bərpasının 100 illiyinə həsr olunmuş elmi konfranslar keçiriləcək və əməkdaşlıq müqaviləsi imzalanacaq.

Varşava Universitetinin şərqşünaslıq fakültəsində təşkil olunan görüşdə Y.Mahmudov “Azərbaycan tarix elmi bu gün” mövzusunda geniş məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycanın tarixi keçmişi, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları, Ermənistan ərazisinin Azərbaycan torpağı olması və digər məsələlər barədə ətraflı məlumat verib.

Əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğu görüşlərdə Y.Mahmudov Qarabağ, İrəvan, Naxçıvan tarixinə və ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları ilə bağlı kitabları Polşa tərəfinə hədiyyə edib.

2017-12-05 / 11:14
Facebook