• flag
  • Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi açılıb

     

    Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərgi açılıb.

    Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

    Yer Kürəsi insanları öz ağuşuna alır, onları bəsləyir, yaşamaları üçün özünün malik olduğu sərvətlərdən faydalanmasına imkan yaradır. Uzun əsrlərdən bəri bu sərvətlərdən faydalanan insanlar da onun qayğısına qalırlar. “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərginin təşkili də bu amala xidmət edir.

    Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən təşkil olunan sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və nazir Azad Rəhimov sərgidə 14-29 yaşlı gənclərin əl işlərinə baxdılar.

    Məlumat verildi ki, burada sənətin müxtəlif növləri, o cümlədən monumental rəngkarlıq, dəzgah rəngkarlığı, ebru sənəti və digər üslublarda hazırlanan əsərlər nümayiş etdirilir.

    Sonra tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzindəki “Art studiya” ilə tanış oldular.

    Mərkəz uşaqların rəssamlığın incəliklərini öyrənmələri üçün hər cür şərait və dərs vəsaiti ilə təchiz edilib. Burada, həmçinin gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlər sərgilənir.

    Leyla Əliyeva gənc aktyorların iştirakı ilə ekoloji mövzuya həsr olunan pantomim tamaşaya da baxdı.

    Sonda fərqlənən tələbələr mükafatlandırıldı.

    2017-11-22 / 08:26
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7001
    EUR 1.9994