• flag
  • “Metsamor” AES: hər an partlamağa hazır olan “bomba”

     

    Ermənicə adı Oktembryan olan və yerləşdiyi bölgənin adı ilə tanınan “Metsamor” Atom Elektrik Stansiyası bu gün dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilmişdir. Bu da onu dünyanın ən təhlükəli stansiyası edir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə – 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir.

    7 dekabr 1988-ci ildə baş vermiş və 25 min insanın ölümü ilə nəticələnmiş Spitak zəlzələsinin episentri “Metsamor” stansiyasından 75 kilometr aralıda idi. Zəlzələdən sonra böyük zərər görən stansiya bu vəziyyətdə ikən 3 ay yenə işlədilmiş, yerli əhalinin təzyiqlərindən və Sovet hakimiyyətinin təhlükəsizlik sarıdan narahatlığına görə bağlanmışdır. Lakin Ermənistanın enerji ehtiyacının 40 faizini ödəyən stansiyanın bağlanması enerji böhranına səbəb olmuşdu. Bu isə təbii qaynaqlar baxımından da kasıb olan ölkədə sosial-iqtisadi tənəzzülə gətirib çıxarmışdı. Bu böhrandan çıxmaq üçün beynəlxalq tənqidlərə baxmayaraq, “Metsamor”u yenidən açmağa qərar verən Ermənistan hökuməti 1994-cü ilin martında Rusiya ilə stansiyanın işə salınması üçün lazım olan maddi-texniki dəstəyi özündə ifadə edən bir anlaşma imzaladı və 1995-ci ildən etibarən “saatlı bomba” yenidən işə düşdü ... Bununla da Metsamor dünyada ilk dəfə olaraq bağlandıqdan sonra yenidən istifadəyə verilən AES olma “özəlliy”ini də daşıdı. Stansiyanın birinci bloku zəlzələ nəticəsində əsaslı zərər görmüş, təmir işlərinə baxmayaraq işlək vəziyyətdə olmadığından bağlanmışdır. Birinci blokun içindəki uranın “aqibəti” – nəzarətsiz buraxılması da bölgə üçün ayrıca bir təhlükə mənbəyidir. Stansiyanın keçmiş baş direktoru Suren Azatyan müsahibələrinin birində hələ də “Metsamor”dan radioaktiv maddələrin sızmasına əmin olmadığını bildirmişdi. 1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar pul xərclənib. Bununla belə, Avropa İttifaqı (Aİ) bu stansiyanı köhnə və az etibarlı kimi qiymətləndirmişdir.

    Stansiyanın mütləq bağlanması vacibliyini vurğulayan Aİ bu məqsədlə 100 milyon avro verməyə hazır olduğunu bildirmişdi. Aİ bu məbləği stansiyanın bağlanması müqabilində Ermənistanın üzləşəcəyi zərərin ödənilməsi və alternativ enerji qaynaqlarının yaradılması üçün kömək göstərməyi planlaşdırmışdı. Həmçinin ABŞ Enerji Nazirliyi Ermənistana 18 milyon dollar, Aİ 11 milyon dollar maliyyə dəstəyi etmişdir. Fransa nüvə tullantılarının depolanması üçün 40 milyon dollar, İngiltərə isə təhlükəsizlik tədbirləri üçün 80 milyon sterlinq ayırmışdı. Bütün bu yardımlar Ermənistanın stansiyanı bağlaması öhdəliyini tezliklə yerinə yetirməsi üçün edilirdi. Ancaq Ermənistan hökuməti bu miqdarı yetərsiz görmüş və fantastik bir məbləğ – 1 milyard avro tələb etmişdir. Ermənistanın o vaxtkı baş naziri Andranik Markaryan Aİ tərəfindən təklif olunan 100 milyon avronun “Metsamor”un bağlanmasına və onun yerinə qurulacaq alternativ enerji qaynaqlarının yaradılmasına yetməyəcəyini ifadə etmişdi. Heç bir əsası olmayan və ödənilməsi mümkünsüz olan bu məbləğ Aİ rəhbərliyi tərəfindən qəbul edilməmişdir. Buna cavab olaraq Ermənistan da “Metsamor”u bağlamayacağını elan etmişdi.

    1999-cu ildə Brüsseldə Ermənistan hökuməti ilə Aİ arasında “Metsamor”un 2004-cü ilə qədər bağlanması ilə əlaqədar razılıq imzalanmışdı. Həmçinin Ermənistan 25 yanvar 2001-ci il tarixində də Avropa Şurasına üzv olarkən, 2004-cü ilə qədər “Metsamor”u bağlamağı öhdəliyə götürmüşdü. Öhdəliyə rəğmən Ermənistan hökuməti bu sahədə fəaliyyətə başlamamış, əksinə, ölkədə yaşanan elektrik sıxıntısını bəhanə edərək stansiyanın elektrik istehsal gücünü daha da artırmışdı.

    2004-cü ilin fevralında Avropa Parlamenti tərəfindən yayımlanan Cənubi Qafqaz raportunda stansiyanın bağlanılmasının vacibliyi açıq şəkildə vurğulanmışdır. Raportda Bolqarıstandakı Kozludou ilə birlikdə Avropanın ən təhlükəli iki stansiyasından biri olaraq elan edilən “Metsamor”un Aİ standartlarından çox aşağı olduğu vurğulanmışdır.

    2011-ci il Yaponiya zəlzələsi heç bir AES-in təhlükəsizliyinin mütləq şəkildə təmin olunmadığını sübut etmiş oldu. Həmçinin zəlzələ Beynəlxalq Atom Enerjisi Agentliyi və digər beynəlxalq qurumların məsələ ilə bağlı həssaslığını gücləndirdi. “Metsamor”un region üçün təhlükəsini artıran bir amil də məhz onun davamsızlığı ilə bağlıdır. Belə ki, Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərə nisbətdə zəlzələyə daha davamlı olmasına baxmayaraq, baş vermiş zəlzələnin fəlakətləri “Metsamor” AES-in region üçün təhlükəsini artırdı. Ermənistan rəsmiləri isə israrla bildirirlər ki, indi Yaponiyanın üzləşdiyi atom böhranından Ermənistan sığortalıdır. Onların iddialarına görə, “Metsamor” stansiyasının reaktorları 8 bal gücündə zəlzələyə davamlıdır. Ermənistanın Nüvə Təhlükəsizliyi üzrə Dövlət Komitəsinin rəhbəri Aşot Martirosyan iddia edir ki, “Metsamor” stansiyasının soyutma sistemi Yaponiyanın “Fukusima-1” stansiyasının sistemindən daha etibarlıdır. Bu yolla da bütün təzyiq və iradlara baxmayaraq, stansiyanın “təhlükəsizliyini” qaranti altına almaq istəyən Ermənistan hökuməti hər vəchlə özünü doğru çıxarmağa çalışır.

    Beynəlxalq standartlara əsasən, 5 və ondan yuxarı şiddətdəki zəlzələlərin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir. Ermənistandakı AES isə SSRİ dövründə heç nə nəzərə alınmadan 9 bal gücündəki zəlzələ yaşana biləcək bir bölgədə salınmışdır. Sovet elm adamları stansiyanın belə bir təhlükəli ərazidə tikilməsinin əleyhinə olsalar da sovet bürokratiyası bu çağırışlara məhəl qoymamışdı. “Metsamor” inşa ediləndə onun 8 bal zəlzələyə davamlı olması bildirilmişdi. Həmişəki kimi quru pafoslarla beynəlxalq aləmin gözünə pərdə asmağa çalışan erməni mənbələri guya onun, hətta 9,5 bal zəlzələyə tab gətirə biləcəyini qeyd edirlər. Bu bəyanat insanda ikrah hissi doğurur. Yaponiya, ABŞ kimi elm və texnikanın sürətlə inkişaf etdiyi dövlətlərdə belə 9 bala davam gətirən hansısa bina inşa olunmayıb. Lakin yalanın, savadsızlığın, cahilliyin yüksək inkişaf etdiyi Ermənistan bu “bina”dan xəbərdardır. Erməni hakim dairələri nəinki region əhalisinin, hətta öz vətəndaşlarının belə həyatını heçə sayır.

    Yalnız dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin də stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar heç də ürəkaçıcı deyildir. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, “Metsamor” olduqca təhlükəlidir. Ermənistanda “Yaşıl Birlik” adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasaryan stansiyadan gələn təhlükəni belə izah edir: “Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, o biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur”. Britaniyadakı nüvə fizikası üzrə mütəxəssis Frank Barnaby isə hesab edir ki, “Metsamor” stansiyasının dizaynı və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Stansiyanın bütövlükdə region üçün təhdid olması 2011-ci ildə dünyaca məşhur “National Geographic” jurnalının “Erməni atom stansiyası dünyada ən təhlükəlidir?” (“Is Armenia’s Nuclear Plant the World’s Most Dangerous?”) başlıqlı məqaləsində qeyd olunmuşdur. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonio Venis jurnala açıqlamasında bildirmişdir ki, son illər stansiyada həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.

    Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in aktiv seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir. Azərbaycan və Türkiyə dövlətləri dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Lakin Ermənistan rəhbərliyi heç bir müraciəti nəzərə almamaqda davam edir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq, Ermənistan hökuməti uzun müddət AES-in yeni blokunun tikintisi ilə bağlı məsələni işıqlandırmışdır. Belə ki, 1980-ci ildən etibarən istifadəyə verilən “Metsamor” “Armenia 2” reaktoru olsa da, hökumət 2018-ci ildə yeni bir reaktoru “Armenia 3”-ü reallaşdırmağı qərara alıb.

    2013-cü ildə Ermənistan hakimiyyəti böyük pafosla yeni 1060 MVt gücündə energetik reaktor tikmək haqqında qərar verdi. Layihə-smeta işləri aparıldıqdan sonra məlum oldu ki, bu iş onlara 5 milyard dollara başa gələcək. Bundan sonra “üzlü” hökumət nümayəndələri müxtəlif dövlətlərə əl açdılar. Yalnız Rusiya bu məbləğin 20-25 faizi məbləğində kredit verməyə razılaşdı. İllik büdcəsi təkcə Azərbaycanın hərbi büdcəsi miqdarında olan Ermənistan qalan məbləği tapmadığından bu arzusunu uzaq gələcəyə – 2026-cı ilə saxladı. 2014-cü il 27 mart tarixində “Metsamor” AES-in yeni blokunun tikintisinin təxirə salınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində qəbul olundu. Qanun layihəsində AES-in köhnə blokunun 2016-cı ilə kimi işlədilməsi əks olunmuşdu. Ermənistanın energetika naziri Armen Movsisyan buna baxmayaraq, AES-in yeni blokunun tikintisi ideyasının təxirə salınmasını qlobal maliyyə böhranı ilə əlaqələndirərək, fəaliyyətlərini davam etdirəcəklərini bildirmişdi.

    Avropa İttifaqı ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan “Hərtərəfli və Genişləndirilmiş Əməkdaşlıq Sazişi” adlı sənəddə “Metsamor” AES-in vaxt keçdikcə istisamardan çıxarılması qeyd edilir. Bu bənd erməni ictimaiyyəti arasında ciddi müzakirələrə səbəb olub. Çünki istənilən halda “Metsamor” AES-in bağlanması elektrik tarifi və onun nəticələrinin artmasına səbəb olacaq ki, bu da Ermənistan rəhbərliyini ciddi narahat edir. ABŞ-ın nüfuzlu “Washington Post” nəşrinin 8 noyabr 2017-ci il tarixli region üçün ciddi təhlükə mənbəyi olan “Metsamor” AES-indən bəhs edən yazısı dərc edildi. Fotolarla təqdim olunan məqalədə müəllif Stefano Morelli AES-in yerləşdiyi “Metsamor”u “Həyatla ölümün arasında yaşayan şəhər” kimi təqdim edərək, seysmoloji cəhətdən təhlükəli ərazidə tikilən AES-də nüvə reaktorunun da müdafiə örtüyü olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırmışdı. Müəllif vurğulamışdır ki, 2011-ci ildə “National Geographic” “Metsamor”u dünyanın ən təhlükəli atom elektrik stansiyası adlandırıb. Morelli bu ilin yanvar ayında bölgəyə səfər edərək bu şəhərin acınacaqlı vəziyyətini fotoaparatın obyektivinə köçürüb. Müəllifi ən çox heyrətləndirən isə enerji çatışmazlığı üzündən şəhərin küçələrinin belə işıqlandırılmaması olub. Rusiyalı ekspert Yuri Uşkov isə bu məsələni şərh edərkən deyib ki, Ermənistanın bu ölüm kabusunu işlətməkdən başqa əlacı yoxdur, çünki əks halda o, elektrik enerjisini idxal etməli olacaq. Dilənçi vəziyyətində olan ölkənin buna sadəcə maddi imkanı yoxdur. Üstəlik, qonşu ölkələrdən heç birinin Ermənistana elektrik enerjisi ötürmək imkanının olmadığını deyən ekspert bildirir ki, bu halda İrəvanın yeganə əlacı Azərbaycandadır.

    “Fukusima” qəzasından sonra Avstriya, Yunanıstan, İrlandiya, Latviya, Lixtenşteyn, Lüksemburq, Malta və Portuqaliya nüvə enerjisinə qarşı ortaq bir bildiriş imzaladı. Hələ “Fukusima” faciəsindən əvvəl, İspaniya, Almaniya və İsveç nüvə enerjisindən tamamilə imtina etmək qərarı almışdı. İtaliya da “Çernobıl” faciəsindən sonra stansiyaları bağlamış və 2011-ci ildə keçirilən referendumda yeni stansiyanın tikintisinə ölkə əhalisinin 90 faizi “xeyr” demişdi. Danimarka 1970-ci illərdən etibarən nüvə stansiyaları qurmamaq qərarını verib. İsveçrə elektrik ehtiyacının 38 faizini qarşılayan 5 reaktoru 2034-cü ilə qədər bağlamaq qərarı vermiş, 3 layihəni rədd etmişdi. Belçika isə elektrik ehtiyacının demək olar ki, yarısını qarşılayan 7 stansiyanı 2025-ci ilə qədər bağlamaq qərarı verib. Almaniya da 17 nüvə reaktorunun 8-ni 1980-ci ildən əvvəl bağlamış, qalanlarını isə 2022-ci ilə qədər bağlamaq qərarı vermişdir. Avstriya isə bir nüvə stansiyası qurmuş, lakin xalq razı olmadığı üçün heç istifadəyə belə verməmişdir. Əgər 20 il əvvəl dünyada tükədilən enerjinin 17 faizi nüvədən əldə edilirdisə, bu göstərici günümüzdə təqribən 11 faiz civarındadır. 2030-cu ildə isə 5 faizə qədər düşəcəyi ehtimal edilir.

    Göründüyü kimi, nüvə təhlükəsini dərk edən Qərb dövlətləri baş verən qəza və fəlakətlərdən nəticə çıxararaq, ölkələrində nüvə enerjisini maksimum dərəcədə azaltmışlar. Lakin Ermənistan indiyədək ümumilikdə 5 böyük və 150-dən artıq kiçik qəza yaşamış, köhnə texnologiya üzərində qurulmuş, hər an partlamağa hazır olan “saatlı bomba” adını almış “Metsamor”un istifadəsində israrlıdır ... Çünki maddi maraq insan təhlükəsizliyindən, ekoloji sağlamlıqdan daha üstündür. Bu gün “Metsamor” AES Ermənistanın elektrik enerjisi ehtiyatının 40 faizini təmin etməklə qalmayıb, həm də Ermənistanın İrana və Gürcüstana elektrik enerjisi ixracında mənbə rolunu oynayır.

    “Metsamor”da baş verəcək hər hansı bir hadisənin gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişə müraciət etmək kifayətdir. XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobıl fəlakəti istər şahidləri, istərsə də hadisə barəsində eşitmiş hər bir kəsi hələ də həyəcanlandırır, düşündürür. Çernobıl faciəsi zamanı partlayış zolağındakı reaktora daxil olan ilk jurnalistlərdən biri – Vladimir Qubarev yazırdı: “Çernobıl bir müharibədi. 20-ci yüzilin müharibəsi. Daha əvvəlkilərdən fərqli bir müharibə; insanların öldüyü və ölməyə davam etdiyi bir müharibə”. Çernobıl qəzası 7000-ə yaxın insanın ölümü, 25000 insanın güclü radiasiya nəticəsində ömürlük şikəst olması, on minlərlə insanın isə sonsuz qalması ilə nəticələndi. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır. Hadisədən 31 il keçməsinə baxmayaraq , radiasiyanın fəsadları hələ də Avropada tüğyan etməkdədir. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilir. Rəsmi məlumatlara görə, onların 15 mini, qeyri-rəsmi məlumatlara görə isə 95-100 mini bir neçə ildən sonra dünyasını dəyişir. Fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb. 2011-ci il 11 mart tarixində Yaponiyada baş vermiş şiddətli zəlzələ isə böyük fəlakətlərə yol açmaqla bərabər, nüvə təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırdı. Modern, güvənilən yüksək texnologiyaya sahib, çalışqanlıqları və məsuliyyətləriylə məşhur yaponlar belə, bu cür qəza ilə baş çıxarmaq qabiliyyətinə malik olmadıqlarını etiraf etdilər. Təkcə qəza nəticəsində reaktorlarda ərimiş radioaktiv yanacağın təmizlənməsi 40 il davam etməlidir...

    2017-ci il 5 iyun tarixində “Delovoy Ekspress” internet portalında dərc olunmuş “Külək əsdirsən, fırtınada boğularsan!” adlı məqalədə “Metsamor” AES-in atom bloklarının istismarının ətraf mühit və qonşu ölkələr üçün riskli olduğu qeyd edilirdi. Yazıda “Çernobıl” AES-də baş vermiş qəzanın nəticələri yada salınmış və hazırkı dövrdə Çernobıl qəzasına bənzər fəlakətin təkrar olunacağından sığortalanmadıqları bildirilirdi. Məqalədə diqqət çəkən digər məqam ekspertlər tərəfindən “Metsamor” AES-də baş verə biləcək hər hansı qəza zamanı itkilərin 10 min nəfərədək olacağı, bunlardan 3,5 min nəfərinin tamamilə məhv olacağı barədə söylənilən fikirlərdir. 17 oktyabr 2017-ci il tarixində Ermənistanın “Məlumatlı Vətəndaşlar Birliyi”nin “Metsamor” AES-in yaradacağı təhlükə və risk barədə yaydığı informasiyada qeyd olunur ki, nüvə stansiyası ətrafında yaranacaq təhlükə milyonlarla insanın sağlamlığına təhlükə yarada, Ermənistanın demək olar ki, bütün ərazilərinin məhvinə gətirib çıxara bilər. Bildirilir ki, yarım əsr əvvəl hazırlanan bu reaktorların yeni nəsil reaktorlarla təchiz edilmiş təhlükəsizlik sistemi yoxdur, xüsusilə, 2026-cı ildə “Metsamor” AES-in 2-ci enerji blokunun dünyanın ən qədim reaktorlarının birinə çevriləcəyini nəzərə alarsaq, daha təhlükəsiz əməliyyat perspektivlərini təsəvvür etmək çətindir.

    4 noyabr 2017-ci ildə Fransanın “Le Monde Diplomatique” saytında dərc edilmiş “Metsamor - gələcək Çernobıl. Bələdçi ilə gəzinti” adlı məqalədə Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının (AES) çox təhlükəli vəziyyətdə olduğu qeyd edilib.

    Etiraf etməmələrinə baxmayaraq, bədnam qonşularımız hələ ki AES-lərdə cavabı tapılmamış tullantı problemini sadə yolla həll edir. Birincisi, bu tullantılar işğal olunmuş ərazilərimizdə yerləşdirilir, bununla da ümumi radioaktiv fon gücləndirilir. İkincisi, bu tullantılar Araz və Kür çaylarına axıdılır. Bununla da Azərbaycan ərazisinə keçirilir. Həmçinin işğal altında olan Azərbaycan ərazisi nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi istifadə olunur. Bu məsələ 2014-cü il 25 mart tarixində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitində Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı əsas mövzulardan biri olmuşdur. Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş, yüksək seysmik zonada yerləşən Atom Elektrik Stansiyasının yaratdığı təhlükə Prezidentin çıxışında xüsusi vurğulanmışdır.

    Ümumilikdə “Metsamor” AES-in region üçün təhdidlərini artıran əsas amilləri aşağıdakı şəkildə xarakterizə etmək mümkündür:

    - “Metsamor” AES-i yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 9 və yuxarı bal gücündə zəlzələ riski olan ərazidə yerləşir;

    - Stansiyanın təhlükəsizlik standartları köhnə və etibarsızdır – bu, artıq beynəlxalq və regional təşkilatlar tərəfindən stansiyanın fəaliyyəti ilə bağlı qəbul olunmuş yekdil tezisdir. “Metsamor” üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır, dizayn ömrü isə 30 ildir;

    - AES modern reaktorlarda nəzərdə tutulan təməl qəzaların nəticələrini əngəlləyəcək şəkildə hazırlanmamışdır.

    - Yanğından qorunma tədbirləri olduqca zəifdir.

    - Təhlükəsizlik analizi hesabatları mövcud deyildir.

    - AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq, o hələ də istifadədədir.

    Ermənistanın müxalif Liberal Partiyasının lideri Ovanes Ovenasyan 2000-ci ildə Aİ Parlamentariləri ilə İrəvan görüşündə Avropa Şurasına stansiyanın bağlanması ilə əlaqəli söz vermələrinə baxmayaraq bunu etmək məcburiyyətində olmadıqlarını bildirmişdi. O, “bəzi şərtlər daxilində” stansiyanın bağlanmasının mümkünlüyünü bəyan etmişdi. Belə ki, Ovenasyana görə; “əvvəlcə, Aİ Ermənistan ilə İran arasında çəkilişi davam edən təbii qaz boru xəttinə kömək etməlidir. Sonra, Azərbaycan və Türkiyə Ermənistana tətbiq etdikləri embarqoya son qoyaraq sərhədləri açmalıdır”. Göründüyü kimi, Ermənistan “Metsamor”dan bir şantaj ünsürü olaraq istifadə edir və stansiya ilə heç bir əlaqəsi olmayan şərtlər irəli sürür.

    Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan “Metsamor”da baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. “Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 kilometr, İran sərhədindən 60 kilometr, Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımi tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir.

    Azərbaycanın da təşvişə hər mənada haqqı vardır. 2016-cı il Aprel döyüşlərində erməni hərbi birləşmələrinin mövqelərimizə zərbələr endirərkən qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə etməsi düşmənin təcavüzkar və terrorçu simasını bir daha ortaya qoyur. Bütün dünyanın gözü qarşısında bəşəriyyət üçün təhlükəli, qadağan olunmuş hərbi vasitələrdən istifadə Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasıdır. İşğalçı ölkə təkcə təmas xəttində insidentlər zamanı kimyəvi silahdan istifadə etməyə yox, eyni zamanda, “Metsamor”un nüvə tullantıları vasitəsilə “çirkli bomba” hazırlamağa da maraq göstərir. Hətta Ermənistan hərbi rəhbərliyində təmsil olunan bəzi generallar mətbuata verdiyi açıqlamalarda Azərbaycanı radioaktiv tullantılardan hazırlanan “çirkli silah”la təhdid edib. Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyan kimi, general-mayor Arkadi Ter-Tadevosyan da dəfələrlə Azərbaycan əleyhinə hərbi əməliyyatlarda radioaktiv silahdan istifadə etmək niyyətlərini bildiriblər. Bu səbəb də Ermənistanın AES-i bağlamaması üçün göstərdiyi “mücadilə”nin əsaslarındandır ...

    Maraqlıdır ki, illərdir Azərbaycanın regiondakı “Metsamor” təhlükəsi ilə bağlı çağırışları, dəfələrlə beynəlxalq qurumlara müraciətləri cavabsız qalır... Avropa Komissiyası 2012-ci ildə öz hesabatında göstərir ki, bu stansiyanı bərpa etmək mümkün deyil. Ermənistan tərəfi isə beynəlxalq təşkilatların bəyanatına məhəl qoymur. Nəzərə almaq lazımdır ki, biganə münasibət böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir. Bu mübarizənin vacibliyi Prezident İlham Əliyevin 23 may 2016-cı ildə İstanbulda Dünya Humanitar Sammitindəki çıxışında xüsusi vurğulanmışdır. Dövlət başçısı bütün region üçün təhlükə mənbəyi olan “Metsamor” Atom Elektrik Stansiyasına, Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadəsinə toxunmuş və bildirmişdir ki, Ermənistanın sabiq baş naziri, parlament üzvü və digər rəsmiləri 2016-cı ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalı, Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Bu çıxış yalnız Azərbaycan üçün deyil, region və bütövlükdə dünyamızın ekoloji təhlükəsizliyi üçün çox önəmli bir mesajdır.

    Xüsusilə Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərqlə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. Region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər dövlətlərindən də yan keçmədən, öz təsirini göstərir. “Metsamor”un isə köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq Ermənistanın 38 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir.

    Nailə Məmmədova,
    “Azerbaijan Realities”

    2017-11-20 / 13:58
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7001
    EUR 1.9994