• flag
  • Bakı-Tbilisi-Qars- Şərqlə Qərb arasında Dəmir İpək Yolu

     

    XXI əsrin əsas strateji planlarından olan, dünyanın 100 böyük layihəsi siyahısına daxil edilən, bir çoxlarının xəyal zənn etdiyi, reallaşacağına ümid etmədikləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı baş tutdu. Təkcə üç dövləti deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi əhəmiyyət daşıyır. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq.

    Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atdı. Gətirə biləcəyi bütün iqtisadi üstünlüklərlə yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəm daşıyacaqdır.

     

    Bakı-Tbilisi-Qars: tarixi aspekt ...

    Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 1993-cü il iyulun 26-29-da Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 2002-ci il iyulun 20-21-də Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın ovaxtkı Prezidenti Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında Gürcüstandan Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini bəyan etmiş və ölkəmizin də bu layihədə iştiraka hazır olduğunu bildirmişdir. Həmin vaxtdan etibarən layihənin reallaşması istiqamətində danışıqlar daha da intensivləşmiş, bu istiqamətdə bir sıra görüşlər keçirilmişdir. 2004-cü il 28 dekabr tarixində layihə ilə bağlı Birgə İşçi Qrupu yaradılmışdır.

    BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 16 fevral tarixində Cenevrədə keçirilən 67-ci iclasında Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin Trans-Avropa və Trans-Asiya dəmir yolu magistrallarının birləşməsini təmin edən bağlantı kimi qəbul edilməsi təklif edilmişdir. Bu layihə AİK tərəfindən hazırlanan Trans-Avropa avtomobil yolları və Trans-Avropa dəmir yolları layihələrinə dair Baş Planın Yekun Hesabatına (2005-ci ilin mart buraxılışı) 1-ci dərəcəli prioritet layihə kimi 4,0 balla qiymətləndirilərək daxil edilmişdir. AİK-in Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 21 fevral tarixli sənədinə əsasən, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi “Beynəlxalq kombinəedilmiş daşımaların mühüm xətləri və müvafiq obyektləri haqqında Avropa Sazişi”nin I Əlavəsinə C-E 692  indeksi ilə daxil edilmişdir.

    2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd imzalandı. Prezident İlham Əliyev, Gürcüstanın ovaxtkı Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının ovaxtkı Prezidenti Əhməd Necdət Sezər Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzaladılar. Bu Bəyannamə əslində hər üç dövlətin rəhbərlərinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin nə dərcədə gərəkli olduğuna dair baxışları idi.  Dövlətimiz digər mühüm məsələlərdə olduğu kimi, bu layihənin də reallaşmasında öz qəti mövqeyini açıq şəkildə ortaya qoydu.

    Qazaxıstan, Çin, Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının nəqliyyat nazirlərinin 2006-cı il 27 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş görüşündə Çin tərəfi layihəni dəstəkləmiş, Qazaxıstan tərəfi isə layihənin reallaşacağı təqdirdə ildə 20 milyon tondan az olmayaraq yüklər cəlb edəcəyinə zəmanət vermişdi. 2007-ci il yanvar ayının 12-13-də Tbilisi şəhərində və 2007-ci il yanvar ayının 22-25-də Bakı şəhərində hər iki ölkənin müvafiq nazirliklərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmişdir. Görüşlərin nəticəsi olaraq “BakıTbilisi-Qars yeni dəmir yolu bağlantısı haqqında” və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Gürcüstanın Marabda məntəqəsindən Türkiyə Respublikası sərhədinə qədər (Gürcüstan, Kartsaxi məntəqəsi) dəmir yolu sahəsinin layihələndirilməsi, maliyyələşdirilməsi, reabilitasiya-rekonstruksiyası, inşası və istismarının prinsip və şərtləri haqqında” Hökumətlərarası Saziş layihələrinin, həmçinin “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda- Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtləri haqqında Kredit Müqaviləsi” layihəsinin mətnləri müzakirə edilərək razılaşdırılmışdır.

    Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi, 2007-ci il fevralın 7-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi layihəsinin artıq başlanması ilə bağlı sazişin imzalanması oldu. Həmin gün Gürcüstan Parlamentinin binasında İlham Əliyev, Gürcüstanın ovaxtkı Prezidenti Mixeil Saakaşvili və Türkiyə Respublikasının ovaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşü baş tutdu və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi keçirildi.

    Prezident İlham Əliyev 2007-ci il fevralın 21-də “Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzaladı. 2007-ci il noyabrın 21-də Gürcüstanın Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin, 2008-ci il iyul 24-də isə Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars bağlantısının Türkiyə hissəsinin tikintisinə start verildi.

     

     

    2010-cu il 6 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi ilə bağlı mühüm məsələlərin yer aldığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illər üzrə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. 2013-cü ildə Qəbələ şəhərində keçirilən Nəqliyyat infrastrukturunun təkmilləşməsi ilə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Türkiyənin o vaxtki Prezidenti Abdullah Gül çıxışında demişdir: “Türkiyə Şərq və Qərb arasındakı mövcud xətlərə alternativ və təhlükəsiz dəmir yolları marşrutları məsələsi üzərində çalışmaqdadır. Modern “İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan bu layihənin ən mühüm hissəsi Azərbaycan ilə birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir...”.

    2017-ci il 30 oktyabr tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi reallaşdı. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutan mərasimdəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak etdilər.

     

    Bakı-Tbilisi-Qars; əhəmiyyəti və dividentləri :

    Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Dəmir yolu xəttinin inşasının başlanması 2005-ci ildə nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması səbəbi ilə tikintinin başlanması ləngimişdir. ABŞ və Avropa İttifaqı dəmir yolu xəttinin Ermənistandan kənar keçdiyinə görə ona qarşı çıxmış və tikintinin maliyyələşdirilməsindən imtina edərək bunun əvəzində bağlı qalmış Qars-Gümri-Tbilisi dəmir yolu xəttinin açılmasını təkid etmişdir. Təbii ki, Ermənistanin məlum təcavüzü səbəbindən bu tələblər rədd edilmiş və dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsini Azərbaycan və Türkiyə öz üzərlərinə götürmüşdü. Layihənin maliyyə tutumu 1,1$ milyarddan artıqdır. Onun 775$ milyonu Gürcüstanın, 345$ milyonu isə Türkiyənin payına düşür. Qeyd edək ki, Gürcüstanın layihədəki payı Azərbaycanın bu məqsədlə ayırdığı kredit hesabına reallaşdırılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi birinci mərhələdə Gürcüstana 25 il müddətinə 1% dərəcəsi ilə 200$ milyon kredit vermişdir. Ondan sonrakı mərhələdə isə Azərbaycan tərəfi Gürcüstana 5% dərəcəsi olmaqla yenə də 25 il müddətinə 575$ milyon əlavə kredit ayırmışdır.

     

     

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında daşınmalarda əsas yol kimi çıxış edəcək. Prezident İlham Əliyev açılış mərasimindəki nitqində xüsusi vurğuladı ki,  Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.  Layihəni cəlbedici edən əsas amil onun tarixi İpək yolu üzərində qurulması, eyni zamanda bu coğrafiyada yerləşən türkdilli dövlətlərin inteqrasiyasında mühüm əhəmiyyət daşmasıdır. Bakı-Tbilisi-Qars 1 milyon sərnişin və 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Ehtimallara görə,  dəmir yolu xəttinin daşıma imkanları 2034-cü ildə 3 milyon sərnişin, 17 milyon ton yükə çatacaq.

    Asiyada yüklərin əsas təməl ölkəsi Çinin bu layihənin gerçəkləşməsinə marağı yüksəkdir. Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması ilə “Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılmış olur və  Londondan Çinə birbaşa dəmir yolu xətti qurulur. Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sayəsində “Orta dəhliz” vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq. Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. “Orta dəhliz”lə bu yükün 10 faizi daşınarsa, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir.  Dəmir yolu xətti Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaqdır. Bu məkanda Əfqanıstanın da imkanları unudulmamalıdır. Layihə NATO-nun da diqqət mərkəzindədir. NATO ölkələri üçün bütün tərəfdaşlarla qoşunları Əfqanıstandan daha qənaətli və təhlükəsiz yolla çıxarılması üçün Bakı-Tbilisi-Qars xəttindən istifadə olunması gündəmdədir. Rəsmi Bakı bu məsələdə NATO ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmişdir.

    Bu layihə Naxçıvan Muxtar Respublikasını blokadadan çıxararaq onun nəqliyyat müstəqilliyinin təmin edilməsində də mühüm rol oynayacaq. Belə ki, Ermənistanın Azərbaycana məlum təcavüzü nəticəsində paytaxt Bakını Naxçıvanla birləşdirən quru nəqliyyat kommunikasiyaları bağlanmışdır. Sərnişin daşınmaları əsasən hava nəqliyyatının, yük daşınmaları isə İran və Türkiyədən keçməklə avtomobil nəqliyyatının üzərinə düşmüş, tarixi dəmir yolu xətti isə regional və tranzit daşınmalardan kənarda qalmışdır. Bu isə Naxçıvana ayrıca bir dəmir yolu qolunun çəkilməsini aktual bir məsələyə çevirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə bağlı növbəti plan da məhz Qarsdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsidir. Bununla da, Naxçıvan Muxtar Respublikasının nəqliyyat müstəqilliyi problemi tam təmin ediləcək və oradan da İrana keçid olan dəmir yolu xətti ilə bütün Yaxın Şərq regionuna çıxış əldə olunacaqdır.

    Qeyd olunmalıdır ki, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət, vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Dəmir yolu xətti turizmin inkişafına da imkan yaradacaq, turistlərin sayında artım müşahidə olunacaqdır. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə daşımaların həcmini artıracaqdır. Eyni zamanda, dəmir yolu xətti ilə yalnız yük qatarlarının deyil, sərnişin qatarlarının da hərəkəti təmin olunacaqdır. Bütün bunlar isə öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin və onun Azərbaycan üçün nə qədər əhəmiyyəti olduğuna bir daha əsaslar gətirir.

     

     

    Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycan-Türkiyə iqtisadi və humanitar əlaqələrinin inkişafına da çox dəyərli əlavə stimullar verəcəkdir. Eyni zamanda bu layihə ilə regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfə veriləcək, Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevriləcəkdir. Hər üç ölkə beynəlxalq yüklərin daşınmasından əlavə, tranzit gəlirləri də əldə edəcəkdir ki, bu da sosial-iqtisadi rifahın artması deməkdir.

    Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilk baxışda regional layihə təəssüratı yaratsa da, əslində əhəmiyyətliliyinin miqyasına görə qlobal səciyyə daşıyır. Strasburqla uzaq Şanxayı birləşdirəcək böyük İpək yolunda qısa bir bağılantı olsa da, Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərə birləşdirərək “Dəmir İpək yolu” adını qazanmışdır. Layihə regionda böyük sosial-iqtisadi effektivliyə zəmin yaradacaqdır.

     

    Ermənistan: “qapalı ölkə” ...

    Azərbaycan, Türkiyə və Gürcüstan bölgədə inkişaf etdikcə, iqtisadiyyatlarını böyütdükcə Ermənistan bu proseslərdən kənarda qalmalı olur. Ermənistanın xaricə çıxışını təmin edən başlıca dəmir yolu xətləri Azərbaycanla bağlıdır ki, bunlar da Ermənistanın məlum təcavüzü nəticəsində qapanmışdır. Mənfur qonşularımız xaricə çıxış imkanı qazanmaq üçün əsasən iki istiqamətdə səy göstərir. Birincisi, 2007-ci ildə bəyənilmiş İran İslam Respublikası ilə Ermənistan-İran dəmir yolunun tikintisi layihəsidir. Orta hesabla 500 km uzunluğunda olan dəmir yolu xəttinin (420 km Ermənistan, 80 km İran) çəkiliş layihəsinin investisiya təminatı 2,0$ milyard həcmində hesablanır. Lakin layihənin reallaşması üçün tələb olunan maliyyə Ermənistanın hazırkı dövlət büdcəsi qədərdir ki, bu da onun imkanları daxilində deyildir. Hələ də rəsmi İrəvan İran-Ermənistan dəmir yolu xəttinin tikintisi üçün pul tapa bilmir. Digər tərəfdən, Ermənistan üçün İranla dəmir yolunun ən qısa və az investisiya tələb edən yolu Naxçıvan istiqamətində olan xətlə mümkündür ki,  Ermənistan hökümətinin şovinist siyasəti bu haqda nikbin proqnozlar irəli sürülməsinə imkan vermir. Qəsbkar mövqe bu ölkəni özünəqapanmaya sövq edərək uçuruma yuvarladır.

     

     

    Ermənistanın xaricə çıxışı üçün digər alternativi Qars-Gümri dəmir yolu xəttidir ki,  bu da təcavüzkar siyasətinin nəticəsi olaraq 1993-cü ildən bağlıdır. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə 5 aprel 1993-cü il tarixində Ermənistana keçən bütün humanitar yardımların dayandırıldığını, icazəsiz keçmək istəyən təyyarələri vuracaqlarını açıqlamış və bunun ardınca Ermənistanla arasındakı dəmir yolunu da bağlatmışdır. Ərazidən axırıncı yük qatarı 6 iyul 1993-cü ildə keçmişdir.

    Amerika Erməni Beynəlxalq Komitəsinin açıqlamasına görə, embarqo Ermənistan iqtisadiyyatına ildə 570-720$ milyon ziyan vurur. Sərhəd qapılarının açılacağı təqdirdə Ermənistanın nəqliyyat xərclərinin 30-50% azalacağı, ixracatın ikiqat artacağı, ÜDM-in 35% artacağı proqnozlaşdırılır. Dünya Bankının məlumatlarına görə isə sərhəd qapılarının açılması Ermənistana ümumilikdə 320,3-395,8$ milyon fayda verə bilər. Reallıq budur ki, Ermənistanın yürütdüyü təcavüzkar siyasət onu bölgədə həyata keçirilən bütün enerji və nəqliyyat dəhlizlərindən kənara salmışdır. Nə qədər ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək, o qədər də iflasa uğrayacaqdır. Çünki Azərbaycanla birgə razılığa nail olunması Ermənistan üçün strateji əhəmiyyətli layihələrdən faydalanmaq, iqtisadi səfalətdən xilas olmaq baxımından daha vacib bir addımdır. Azərbaycan daim bəyan etmişdir, münaqişə respublikamızın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunacaqsa, Ermənistanın da regionda reallaşan layihələrdən yararlanmasına imkan yaradacaqdır. Ermənistanın iqtisadi inkişafı yalnız təcavüzkar siyasətindən əl çəkdiyi təqdirdə Azərbaycanla qapadığı bütün kommunikasiyaların bərpası ilə mümkün olacaqdır.

     

    ***

    Belə bir irimiqyaslı layihəyə rəhbərlik etməklə Azərbaycan bir daha qlobal miqyasda öz əhəmiyyətliliyini, regional gücünü təsdiqlədi. Göründüyü kimi, bütün region ölkələri üçün böyük əhəmiyyətə malik olan layihənin reallaşdırılması Azərbaycanın qarşıya qoyduğu iradə və onun dövlət başçısı Prezident İlham Əliyevin əzmkarlığı nəticəsində mümkün oldu. Həmçinin,  layihədə təmsil olunan dövlətlərin mütəşəkkilliyi və birliyi nümayiş olundu.  Şübhəsiz demək mümkündür ki, Bakı-Tbilisi-Qars region dövlətlərinə sülh, rifah, sabitlik bəxş edəcək, xalqların daha da yaxınlaşmasına və iqtisadi inkişafına töhfələr verəcəkdir.

     

     

    Nailə Məmmədova

    “Azerbaijan Realities”

    2017-11-03 / 09:23
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070