Brüsseldə Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi müzakirə olunub

15070190341889045053_1000x669

Energetika Nazirliyinin nümayəndəsi Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni Saziş layihəsinin müzakirəsində iştirak edib.

Nazirlikdən bildirilib ki, Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib. Müzakirələrdə Azərbaycanı Energetika Nazirliyinin hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib.

Tədbirdə Saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə və ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib. Azərbaycanın enerji bazarının öyrənilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb.

Sonda müzakirələrin davamı kimi cari ilin oktyabr ayında tərəflər arasında videokonfransın keçirilməsi planlaşdırılıb.

2017-10-03 / 12:31
Facebook