Yessentuki meri: Rusiya və Azərbaycanın zəngin keçmişi və buğunu var, bizi böyük gələcək gözləyir

15065884504206636881_1000x669

Stavropol diyarını və Azərbaycanı uzun illərin əlaqələri birləşdirir. Bizim zəngin keçmişimiz və bugünümüz var, düşünürəm ki, bizi təkcə humanitar deyil, iqtisadi sahədə də böyük gələcək gözləyir.

Bu fikirləri VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda Yessentuki şəhərinin meri Aleksandr Nekristov AZƏRTAC-ın müxbiri ilə söhbətində səsləndirib. O xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə Yessentukidə görkəmli rus alimi, Bakı Dövlət Universitetinin ilk rektoru Vasili Razumovskinin barelyefi açılıb. Açılışda Azərbaycandan böyük nümayəndə heyəti iştirak edib, Rusiya haqqında, Azərbaycanın Stavropol diyarı ilə sıx əlaqələri barədə çoxlu səmimi sözlər səslənib.

İqtisadi sahədə də münasibətlərimizin inkişaf etdiyini vurğulayan A.Nekristov deyib: “Hər il Azərbaycandan bir neçə min adam Yessentukiyə istirahətə gəlir. Keçən il şəhərimizdə ən yüksək tələblərə cavab verən “İstoçnik” sanatoriyası tikildi və istifadəyə verildi. Bu, təkcə Yessentukidə deyil, həm də Kavkazskiye Mineralnıye Vodı ərazisində ən yaxşı sanatoriyalardan biridir. İndiki forumda, həmçinin Azərbaycan investorları ilə Stavropol diyarının iki böyük şəhəri - Jeleznovodsk və Kislovodsk arasında sanatoriya tikintisi barədə iki investisiya sazişi imzalanacaq”.

Şəhər rəhbərinin vurğuladığı kimi, Bakıda keçirilmiş VII Regionlararası Forumun nəticəsi olaraq bu ilin aprel ayında Azərbaycan şərablarının Yessentukiyə satışı barədə razılıq əldə edilib. “Azərbaycan çox keyfiyyətli, yaxşı şərab istehsal edir və biz şəhərimizdə firma mağazalarının açılışı barədə razılığa gəlmişik. Yessentukidə Azərbaycan mətbəxinin təqdim olunduğu çoxlu restoranlar var. Orada Azərbaycan şərabının verilməsi də yerinə düşər. Yerli investorlar foruma dequstasiya üçün şərab gətiriblər. Biz onları restoranlarımıza paylayacağıq. Bu ilin oktyabr ayında isə Azərbaycan investorları konkret təkliflərlə gələcəklər. Həmçinin tərəvəz emalı üzrə birgə müəssisənin yaradılmasına dair maraqlı bir layihə var. Bax, bu və digər məsələlər barədə biz bugünkü forumda danışacağıq”, - deyə A.Nekristov bildirib.

2017-09-28 / 12:49
Facebook