Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi açılıb

15065846381305761563_1000x669

Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi açılıb. Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə baş tutub. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olması məqsədi daşıyır. Tədbirə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa və digər ölkələrin şirkətlərini təmsil edən 104 iştirakçı qatılıb. Bundan əlavə, sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribüterləri də iştirak edir. Yerli distribüterlər arasında “BTL Industries”, “Labservis”, “Planeta” və digər şirkətlər yer alır.

Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sərginin əhəmiyyətini qeyd edərək hazırda ölkəmizdə səhiyyə sahəsinin uğurla inkişaf etdiyini bildiriblər.

Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edirlər.

“BIHE” sərgisi ilə yanaşı, 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi də keçirilir.

2017-09-28 / 12:14
Facebook