Bu gün Azərbaycan qazını Bolqarıstana nəqlini nəzərdə tutan interkonnektorla bağlı sənəd imzalanacaq

15065816814040156156_1000x669

Azərbaycan təbii qazını Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria - IGB) layihəsinin yerinə yetirilmə planı bu gün imzalanacaq.

Bu barədə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Aspen Energy Summit”dəki müzakirələr zamanı deyib.

“Biz sentyabrın 28-də Yunanıstan-Bolqarıstan interkonnektoru üçün layihənin icrası üzrə planının imzalanmasının şahidi olacağıq. Azərbaycan təbii qazının bu interkonnektorla şimal-qərbə nəqli vacibdir”, - deyə M.Şefçoviç bildirib.

Qeyd edək ki, Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq.

2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.

Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstana Azərbaycan qazının, xüsusilə də, “Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən qazın çatdırılmasına imkan verən qaz boru kəməridir.

IGB-nin ilkin ötürmə gücü 3 milyard kubmetr qaz olacaq. Layihənin dəyəri təxminən 240 milyon avro ətrafında qiymətləndirilir.

2017-09-28 / 11:21
Facebook