Polkovnik Faiq Əliyev: Birgə təlimlərin hava qüvvələrimiz üçün çox böyük üstünlükləri var

15064231605237957794_1000x669

“TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri uğurla davam edir

Sentyabrın 18-dən başlayaraq Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2017” birgə taktiki uçuş təlimləri davam edir. Təlimlərə iki ölkənin hərbi hava qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25”, “C-130 Herkules”, “A-400 M”, “CASA CN-235” təyyarələri və “Mi-35”, “Mi-17”, “Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi qatılıb.

Təlimlərdə iki ölkənin hərbi hava qüvvələri birləşmiş əməliyyatların planlaşdırılaraq həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, birgə hava döyüşləri, yer hədəflərinə hücum, hava hücumuna qarşı sistemlərə birgə döyüş fəaliyyətinin aparılması, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlardakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər.

Keçirilən birgə təlimlərin ssenarisinə əsasən döyüş təyyarələri və helikopterlər uçuşlar keçirməklə təlim-döyüş tapşırıqlarını uğurla icra edirlər. Sentyabrın 26-da birgə təlimlər çərçivəsində “F-16”, “MiQ-29” və “Su-25” döyüş təyyarələri şərti hədəfi məhv etmək üçün havaya qalxıblar. Həmçinin “MiQ-29” və “F-16” təyyarələri birlikdə uzaq, orta və yaxın məsafəli şərti hava döyüşü tədbirlərini icra ediblər. Təlimlər zamanı “SU-25” və “F-16” təyyarələri yer hədəfinə birgə fəaliyyət yerinə yetirəcək, “MiQ-29” təyyarələri onların hücumunun qarşısını almağa çalışacaq. Azərbaycan pilotları Türkiyə təyyarələrində, türk şahinləri isə bizim təyyarələrdə uçuşlar həyata keçirirlər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan və Türkiyə pilotlarının birgə iştirakı ilə artıq 5-ci dəfədir keçirilən bu təlimlər böyük əhəmiyyətə malikdir: “Təlimlərdə Türkiyənin hava qüvvələrinin helikopter və döyüş təyyarələri də iştirak edir. Şərti olaraq döyüş tapşırıqlarını birgə yerinə yetirməkdə heç bir problem yoxdur. Biz artıq döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmə vəziyyətinə çatmışıq. Hazırda Türkiyə tərəfindən 3 ədəd “F-16”, 2 ədəd “Sikorski S-70” helikopteri, dəniz qüvvələrinin təyyarələri və yük təyyarələri, Azərbaycan tərəfindən çoxlu sayda “MiQ-29”, “Su-25” təyyarələri və helikopterlər uçuşları yerinə yetirir. Ümumilikdə təlimlərə 30-dan çox döyüş texnikası cəlb edilib. Təlimlərə Türkiyədən 170-dən çox şəxsi heyət qatılıb. Bu təlimlərin Azərbaycan hava qüvvələri üçün çox böyük üstünlükləri var. Çalışırıq ki, çoxmillətli birgə beynəlxalq təlimlərə hazırlaşaq”.

Polkovnik Türkiyədə 15-ə yaxın ölkənin birgə iştirakı ilə keçirilən “Anadolu qartalı” təlimlərindən də danışaraq deyib: “Gələcəkdə həmin təlimlərdə də təmsil olunmaq istəyirik. Biz sovet taktikasını bilirik. NATO taktikasını da öyrənmişik. İndi bizim aviasiya qüvvələri bu iki taktikanın birləşməsindən yeniliklər əldə edir. Sovet və NATO təyyarələrində elektronika sistemi, sürət və hündürlükölçmə, naviqasiya sistemləri, həmçinin pilotların öyrədilməsi metodu da fərqlidir. Azərbaycan və Türkiyə arasında ilk təlimlərlə müqayisədə pilotlarımız indiyədək bir çox yeniliyi öyrəniblər. Pilotlarımız bir-birini tez başa düşür, tapşırıqlara düzgün və sərbəst əməl edə bilirlər. Artıq birgə uçuşlarımızda heç bir çətinlik yoxdur”.

Gürcüstan Hərbi Hava Qüvvələrinin nümayəndələri də təlimləri izləyirlər. Onların gəlişində məqsəd gələcəkdə Gürcüstan təyyarəçilərinin də “TurAz Qartalı” təlimlərinə qoşulmasını müzakirə etməkdir.

Qeyd edək ki, təlimlərə, ümumilikdə, 300-dən çox şəxsi heyət, 40-dan artıq pilot cəlb olunub. Birgə taktiki təlimlər sentyabrın 30-dək davam edəcək.

2017-09-26 / 14:55
Facebook