Azərbaycan Prezidentinin BMT-dəki qətiyyətli çıxışından ruhlanan veteranlar cəbhə bölgələrinə səfər ediblər

15063547596405043598_1000x669

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı Qarabağ müharibəsi veteranlarında, döyüşlərdə sağlamlıqlarını itirən qazilərdə və şəhid ailələrinin üzvlərində işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə inamı daha da artırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Hacıqabul və Bərdə rayonlarından olan bir qrup keçmiş döyüşçü cəbhə bölgələrinə səfər edib.

Ali Baş Komandanın BMT kürsüsündən cəsarətlə səsləndirdiyi “Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq” fikrini əldə rəhbər tutan veteranlar döyüş mövqelərində olub, şəxsi heyətlə görüşüb və aprel zəfərini təzələməyə hər an hazır olduqlarını bildiriblər.

Atası və qardaşı ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Razi Süleymanov, şəhid qardaşı, Kəlbəcər uğrunda döyüşlərin iştirakçısı Rizvan Qasımov, Qarabağ müharibəsi əlilləri Məmməd Əhmədov, İntiqam Abdulov, Çernobıl veteranı Bəylər Qarayev, aprel döyüşlərində göstərdiyi igidliyə görə yeni təsis edilmiş Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülmüş Rizvan Qarayev və başqaları Prezident İlham Əliyevin bu çıxışının nəinki ordu üçün, eləcə də Qarabağ müharibəsinin hər bir veteranı, qazisi və ehtiyatda olan bütün hərbi qulluqçuları üçün də əmr olduğunu qeyd ediblər.

Qonaqlar ön səngərdə əsgərlərin xidmət şəraiti, onların istifadəsində olan silah, texnika və döyüş vasitələri ilə maraqlanıb, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəkliyinin şahidi olub, onlarla bir yerdə nahar edib, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr veriblər.

Veteranlar düşmənlə təmas xəttində xidmət keçən döyüşçüləri əmin ediblər ki, aprel döyüşləri yenidən təkrarlanacaqsa, onlar da xalqımıza qələbə sevinci bəxş edəcək igidlərin sıralarında olacaqlar.

Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani dövlətimizin başçısının BMT-dəki çıxışından ruhlanıb cəbhə bölgəsinə gələrək səmimi söhbətləri, xatirələri və respublikamızın ərazi bütövlüyünün təmin olunmasına çağırışları ilə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə səy göstərən keçmiş döyüşçülərə minnətdarlıq edib. O, gənclərin vətənpərvərlik tərbiyəsində, orduya hazırlanması işində veteranlara uğurlar arzulayıb.

Görüşlər digər hərbi hissələrdə də davam edib.

2017-09-26 / 10:41
Facebook