• flag
  • Daşduzdan əl işləri yaradan yeganə azərbaycanlı: Bu sənət insandan dözüm, səbir, istedad və sevgi tələb edir

    15063321921224225750_1000x669

    Azərbaycanda oyma, yonma, döymə üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Ölkəmizin qədim məskənlərindən olan Qobustanda və Gəmiqayada daşlar üzərindəki oymalar, rəsmlər, fiqurlar buna sübutdur.

    Bu gün haqqında danışacağımız sənətkar daşduzdan əl işləri yaradan Naxçıvan şəhər sakini Zülfüqar Zeynalovdur. Doğma Naxçıvanımızı müalicə turizmi məkanı kimi də şöhrətləndirən, tariximizin qədimliyinin daş möhürü olan duz Zülfüqar Zeynalov üçün ilham mənbəyidir. Bu günə kimi 30-a yaxın sənət əsəri ərsəyə gətirən usta nəinki Naxçıvanda, bütövlükdə Azərbaycanda yeganə sənətkardır ki, əsərlərini daşduzdan yaradır. Cansız daşduz parçalarından yaratdığı əl işləri insanı düşüncələr aləminə aparır.

    Daşduzdan bacarıqla istifadə edərək əsərlər yaradan Zülfüqar Zeynalov deyib: “Dünyanın bir sıra ölkələrinin muzeylərində müxtəlif daş materiallardan hazırlanmış eksponatlarla bağlı videokadrlara həsədlə baxardım. Əvvəlcə taxtadan, keramikadan müxtəlif suvenirlər, abidələr hazırladım. 2004-cü ildə isə daşduzdan ilk əl işim olan qılıncı ərsəyə gətirdim”.

    Onun sözlərinə görə, daşduzla işləmək, ondan sənət əsəri yaratmaq o qədər də asan deyil. Necə deyərlər, yüz ölçüb, bir biçməlisən. Daşduz adi daş kimi mülayim, “sözəbaxan” olmadığına görə bu materialla işləyən zaman daha dəqiq və diqqətli olmaq lazımdır. Bu sənət insandan dözüm, səbir, istedad və sevgi tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir.

    Həmsöhbətimiz bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncam onu da xeyli sevindirib. O, hazırladığı bütün sənət əsərlərini yaradılacaq Naxçıvan Duz Muzeyinə hədiyyə etməyə hazırdır. Bu sənət nümunələri həm də doğma diyarımıza dünyanın dörd bir guşəsindən gələn turistlər vasitəsilə xarici ölkələrə yol açacaq, Naxçıvanın qədimliyini, bu gününü, sağlamlıq baxımından duzun oynadığı rolun daha geniş mənada təbliğinə imkan yaradacaq.

    Qeyd edək ki, bu il Novruz bayramında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksindəki sərgidə Zülfüqar ustanın daşduzdan düzəldilmiş əl işlərinə böyük maraq olub. Həmçinin məlumdur ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilib. Zülfüqar ustanın əl işlərində əksini tapan loqotip və tarixi abidələr də bu əlamətdar tədbirə töhfədir.

    Zülfüqar usta ən böyük arzusunun daşduzdan müstəqil Azərbaycanımızın qurucusu Heydər Əliyevin abidəsini yaratmaq olduğunu deyir. O, hazırda “Üzüm bağında lampa” adlı əsər üzərində işləyir. “Küsüşən butalar”, tar, kamança, qaval təsviri, “İslami dəyərlərin simvolu”, “İlahi kitabə”, “Naxçıvanqala”, “Çay dəstgahı”, “Möminə xatın türbəsi”, “Azərbaycan bayrağı”, “İslam Həmrəyliyi Oyunlarının simvolu”, “Saz”, “Delfin”, çıraqlar, güldanlar, vaza və digər əl işləri... Bütün bunlar onun istedadının təcəssümü, bu insana bəxş edilən yaradıcılıq bacarığının məhsuludur. Gecəni nura qərq edən lampalara baxanda Naxçıvan duzuna, bu sərvətdən incəsənət nümunələri yaradan insanın yaradıcılığına valeh olursan.

    2017-09-25 / 13:46
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7001
    EUR 2.0000