Çexiyanın neft idxalında Azərbaycan neftinin payı 30 faizdir

1505992593637395133_1000x669

Çexiyanın neft idxalında Azərbaycan neftinin payı təxminən 30 faizdir.

Energetika Nazirliyindən bildirilib ki, bu fikirlər energetika nazirinin müavini Gülməmməd Cavadovun Çexiyanın neft-qaz və elektrik enerjisi sektorunda fəaliyyət göstərən şirkətləri təmsil edən nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

İki ölkə arasında enerji sahəsində yüksək əməkdaşlıq münasibətlərinin formalaşdığını vurğulayan G.Cavadov energetika sektorunda rəqabət şəraiti, yüksək xidmət standartları, təchizat təhlükəsizliyi və davamlılığını təmin edən bir ölkə kimi Çexiyanın Azərbaycan üçün xüsusi maraq kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan da neft-qaz hasilatçısı və ixracatçısı kimi Çexiya üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, Çexiyanın neft idxalında Azərbaycan neftinin payı təxminən 30 faizdir. İki ölkə arasında ticarət dövriyyəsində ilbəil müşahidə edilən artıma isə məhz neft məhsulları hesabına nail olunur. Bundan başqa, Çexiya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində “Cənub Qaz Dəhlizi” layihəsinin rolunu yüksək qiymətləndirir və Azərbaycanla bu layihə çərçivəsində əməkdaşlığa hər zaman hazır olduğunu qeyd edir.

Müzakirələr zamanı “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin energetika sektorunda yeni hədəfləri müəyyənləşdirdiyi və bu hədəflərin reallaşdırılmasında Avropa ölkələrinin təcrübəsinə istinadın vacibliyindən bəhs edilib.

Fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilən Çexiya şirkətlərinin enerji sektorunun bütün istiqamətləri üzrə səmərəlilik və yüksək keyfiyyət standartlarının tətbiqinə imkan verən çoxşaxəli xidmətləri barədə təklifləri nəzərdən keçirilib. İki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin başlanması üçün geniş imkanların olduğu qeyd edilib.

Energetika nazirinin müavini təkliflərin dəyərləndirilməsi məqsədilə “Azərişıq” ASC və “Azərnerji” ASC–nin nümayəndələri ilə görüşlərin təşkil olunduğunu qonaqların diqqətinə çatdıraraq bildirib ki, Energetika Nazirliyi Çexiya ilə əlaqələrin genişləndirilməsinə hər zaman dəstək verməyə hazırdır.

2017-09-21 / 15:23
Facebook