Bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi və ya ƏDV metodunun birini seçə bilər

15059112804142044448_1000x669

Qeyri-yaşayış sahəsinin, o cümlədən, restoran, ofislərin tikintisi ilə məşğul olan fiziki və ya hüquqi şəxsin hansı vergi öhdəlikləri yaranır?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki,tikilən binalara görə yaranan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodunun birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxslərin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Qeyd olunub ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektidir.

Bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergitutma metodunu tətbiq edən şəxslər tərəfindən hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edirlər.

Bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir. Bu halda hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödəyicisi hesab edilmirlər.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergiödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin

təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

2017-09-20 / 16:43
Facebook