Tramp BMT-nin Baş Məclisinin tribunasından Şimali Koreyanı hədələyib

15058880272073432847_1000x669

ABŞ Prezidenti Donald Tramp sentyabrın 19-da BMT Baş Məclisinin 72-ci sessiyasında çıxış edib. Prezident Tramp BMT-nin Baş Məclisində özünün ilk nitqində onun prezident vəzifəsində işə başladığı vaxtdan keçən müddətdə Birləşmiş Ştatların qazandığı uğurlar, bütün dünya üçün əsas təhdidlər, o cümlədən Şimali Koreyanın nüvə proqramı barədə danışıb, Suriyada vətəndaş müharibəsi, immiqrasiya, terroristlərə qarsı mübarizə mövzularına, habelə İran və Venesuela məsələlərinə toxunub.

Tramp öz nitqinin əvvəlində Birləşmiş Ştatların cənubunda baş vermiş güclü qasırğaların nəticələrinin aradan qaldırılması üçün humanitar yardım təklif etmiş ölkələrə təşəkkürünü bildirib. Prezident deyib: “Bizim milyonlarla vətəndaşımız ölkəmizi sarsıtmış dağıdıcı qasırğalardan hələ də əziyyət çəkir. Ona görə mən bu sessiyada çıxışımı bizə yardım təklif etmiş hər bir liderə minnətdarlığımı bildirməklə başlamaq istəyirəm. Amerika xalqı güclü və dözümlüdür, bu xalq həmişəkindən daha qətiyyət göstərərək indiki çətinliklərdən çıxacaq”.

Ağ Evin rəhbəri onun prezident olduğu dövrdə ABŞ-ın qazandığı uğurlardan söhbət açaraq deyib: “Fond bazarı rekord dərəcədə yüksək səviyyədədir. İşsizlik göstəricisi son 16 ildə ən aşağı səviyyədədir. Apardığımız normativ və digər islahatlar sayəsində hazırda Birləşmiş Ştatlarda iş yerlərinin sayı həmişəkindən çoxdur”. Prezident onu da qeyd edib ki, ABŞ silahlı qüvvələr və müdafiə üçün təxminən 700 milyard dollar xərcləyəcək.

Terrorizm təhlükəsindən söhbət açan Tramp qeyd edib ki, terrorçular və ekstremistlər planetin bütün guşələrində geniş yayılıb və bu təşkilatda (BMT nəzərdə tutulur – AZƏRTAC) təmsil olunmuş bəzi dövlətlər nəinki terrorçuları dəstəkləyir, onlar hətta insana məlum olan ən dağıdıcı silahdan istifadə etməklə öz xalqlarına və qonşu ölkələrə təhdid yaradırlar. Tramp vurğulayıb ki, Amerika öz həyat tərzini başqa ölkələrə zorla qəbul etdirməyi lazım bilmir, o yalnız hamı üçün nümunə olmaq arzusundadır. Tramp deyib: “Xarici siyasətdə bizim prinsipimiz bundan ibarətdir ki, bizim hökumət öz xalqımızın mənafelərini və dəyərlərini qorumalıdır. ABŞ prezidenti kimi məndən ötrü Amerika həmişə birinci yerdə olacaq, öz ölkələrinin liderləri olan sizlər üçün də sizin ölkələr həmişə birinci yerdə olmalıdır. Lakin biz öz xalqlarımızın həyatını yaxşılaşdırmaq üçün işləməklə bərabər, həm də Yer üzündə bütün insanların həyatının yaxşılaşması üçün çalışmalıyıq”.

ABŞ lideri BMT-ni islahatlar aparmağa çağıraraq deyib ki, BMT üzvü olan ölkələr bu təşkilatın himayəsi ilə çoxsaylı problemləri həll edə bilər. Tramp vurğulayıb: “Amerika xalqı ümid edir ki, yaxın gələcəkdə BMT daha səmərəli və şəffaf təşkilata çevriləcək və bütün dünyada azadlığı və insan ləyaqətini daha yaxşı qoruya biləcək”.

Nitqinin xeyli hissəsini Şimali Koreya probleminə həsr etmiş ABŞ lideri deyib: “Şimali Koreya özünün nüvə və raket proqramını inkişaf etdirməklə bütün dünyanı çox böyük qurbanlarla təhdid edir”. O vurğulayıb ki, bəzi ölkələr nəinki Şimali Koreya rejimi ilə ticarət edir, hətta ona maliyyə yardımı göstərir və onu silahla təchiz edirlər. Prezident deyib: “Bu cinayətkar bandanın nüvə raketlərinə sahib olması Yer üzündə heç bir xalqın maraqlarına uyğun deyil”.

Prezident Tramp Pxenyanı hədələyərək deyib ki, ABŞ güclü və səbirli dövlətdir, lakin əgər Amerika özünü və öz müttəfiqlərini müdafiə etməli olsa, onda Vaşinqtonun Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq. Tramp Kim Çen In barədə danışarkən deyib: “Bu raket-insan özünü və öz xaldını məhv etməyi qərara alıb. ABŞ-ın gücü də, vəsaiti də var, lakin ümid edirəm ki, buna ehtiyac olmayacaq, axı BMT elə bunun üçün lazımdır. Baxaq görək o, bu işin öhdəsindən necə gələcək”.

Prezident Tramp miqrasiya və qaçqınlar probleminə toxunaraq deyib ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Livan Suriyadan və İŞİD-in nəzarəti altında olan ərazilərdən qaçqınları qəbul etdiklərinə görə ABŞ bu ölkələrə təşəkkür edir.

Tramp nitqinin sonunda ümidvar olduğunu bildirib ki, suveren dövlətlər öz münasibətlərini bütün Yer üzündə sülh naminə dostluq və qarşılıqlı hörmət əsasında quracaqlar.

 

2017-09-20 / 12:11
Facebook