“Bakutel 2017” sərgisinin 40 faizini daimi eksponentlər təşkil edəcək

1505801993386560717_1000x669

Dekabrın 5-dən 8-dək Bakıda XXIII Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” sərgi və konfransı keçiriləcək və bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək.

“Caspian Event Organisers” şirkətindən bildirilib ki, “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də informasiya-kommunikasiya texnologiyalarının (İKT) müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumatları mübadilə və emal etmək məqsədilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.

“Bakutel 2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “Bakutel” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil və rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri, eləcə də teleradio yayım şirkətləri yer alacaq. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil IT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edəcək. Yeni şirkətlər arasında isə “Hikvision”, “Nokia Networks” və digər şirkətlər təmsil olunacaq.

“Bakutel 2017” sərgisində bir sıra ölkələrin milli stendləri təqdim olunacaq. Bu ölkələrin tədbirdə iştirakı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır.

Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı təşkil olunacaq. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi də planlaşdırılır. Həmçinin “Bakutel 2017” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər keçiriləcək. Bu tədbirlər çərçivəsində sərgi iştirakçıları və peşəkar ziyarətçilər ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir.

2017-09-19 / 10:58
Facebook