Azərbaycan və Laos Xarici İşlər nazirlikləri arasında “Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”u imzalanıb

15054764854189863940_1000x669

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Salımsay Kommasitlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov həmkarının 2017-ci il 18-20 iyun tarixində Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin, xüsusilə də siyasi dialoqun inkişaf etdirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının vacib platforma olacağına ümidvar olduğunu bildirib.

Elmar Məmmədyarov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarını dəyərləndirərək, nəqliyyat, enerji, kənd təsərrüfatı sahələrini xüsusilə qeyd edib. Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu irimiqyaslı enerji, infrastruktur və nəqliyyat layihələri barəsində danışan nazir Laos tərəfinə Şimal-Cənub dəhlizinin potensialının nəzərdən keçirilməsini təklif edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişə üzrə danışıqlar prosesinin son statusu barəsində həmkarını məlumatlandırıb və S.Kommasitin Azərbaycana səfəri zamanı imzalanmış birgə mətbuat açıqlamasında da qeyd edildiyi kimi, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğunu bir daha bəyan edib.

Nazir Salımsay Kommasit Azərbaycana rəsmi səfəri və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşərək, Laosun Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində, xüsusilə enerji sahəsində Azərbaycanın zəngin təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirib.

Təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirən Salımsay Kommasit bu sahədə əlaqələrin davam etdirilməsinin arzuedilən olduğunu vurğulayıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini və 2019-cu ildə QH-nın XVIII zirvə toplantısının Bakıda keçiriləcəyini qeyd edib, bu çərçivədə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Nazirlər “Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.

2017-09-15 / 16:00
Facebook