Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub

1505454309785735800_1000x669

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Hori ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşün əvvəlində tərəflər Azərbaycan Respublikası hökuməti və Yaponiya hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçiriblər. Həmçinin adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsi niyyəti ifadə edilib.

X.Xələfov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb və ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. O, Yaponiyanı Azərbaycanın etibarlı tərəfdaşı adlandırıb və Yaponiya hökumətinin bu illər ərzində ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Nazir müavini “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar yeni Sazişin imzalanmasının mühüm tarixi əhəmiyyət kəsb etdiyini bildirib və bu xüsusda, layihədə iştirak edən yapon şirkətlərinin fəaliyyətini təqdir edib. Bununla yanaşı, ölkəmizdəki iqtisadi islahatlar çərçivəsində qeyri-neft sektorunda yeni layihələrdə Yaponiya şirkətlərinin iştirakının vacibliyi qeyd olunub.

Manabu Hori ölkəmizdə yapon şirkətlərinə yaradılmış əlverişli şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edib və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib. Həmçinin Manabu Hori QUAM+Yaponiya formatında mövcud əməkdaşlığın vacibliyini qeyd edib.

Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə yaponiyalı həmsöhbətinə ətraflı məlumat verib, Yaponiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. O, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini xüsusi vurğulayıb.

Manabu Hori münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə sülh yolu ilə həllinə ümidini ifadə edib.

Tərəflər, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazir müavinləri qarşılıqlı maraq kəsb edən regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

2017-09-15 / 09:48
Facebook