Nizami yurdunun gəncləri “Gəncə Marafonu–2017”-yə hazırdırlar

15053869115495260679_1000x669

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu-2017” üçün Nizami yurdunda aparılan qeydiyyat yekunlaşıb.

Qeydiyyat “Azercell Telekom”un Gəncə şəhərindəki ofisində, Gəncə "ASAN xidmət" mərkəzində, şəhərdə fəaliyyət göstərən universitetlərdə və Gənclər Evində aparılıb.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov bildirib ki, tələbələrin böyük marağına səbəb olan marafonda iştirak üçün universitetdən 2700 tələbə qeydiyyatdan keçib.

“Azərbaycanın çox minillik tarixə malik Nizami yurdu “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında regionlararası marafona ev sahibliyi edəcək ilk şəhər olacaq. Həmçinin layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Ona görə də istər Gəncədə yaşayan, istərsə də bu şəhərdəki ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan hər bir gənc Nizami yurdunda keçirilən və insanlar arasında ali ideyaları təbliğ edən marafonda iştirak edib, həmin xoş günün bir hissəsi olmaq istəyir”, - deyə Orxan Məmmədov qeyd edib.

Azərbaycan Dövlət Aqrar Universitetindən (ADAU) verilən məlumata görə isə ADAU-nun tələbələrindən 2 min 120 nəfər marafonda iştirak etmək üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, “Gəncə Marafonu–2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etmir.

Marafon Gəncə şəhərində Zəfər Tağından start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, Gəncəçay bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

2017-09-14 / 15:11
Facebook