Furio de Angelis: Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıtması böyük tarixi əhəmiyyət kəsb edir

15052236295192427300_1000x669

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ilin oktyabrın 2-dən 6-dək Cenevrədə keçiriləcək BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirakı və səfərlə bağlı digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən Furio de Angelis kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın bir sıra işlərdə yaxından iştirak etmək, o cümlədən Cocuq Mərcanlıdan olan məcburi köçkünlər arasında müştərək qiymətləndirmənin keçirilməsini həyata keçirmək istədiklərini bildirib.

Əli Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələr daha da inkişaf edir. O, bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Bildirib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub. Bu gün Cocuq Mərcanlı sakinləri arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanması kimi layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı.

Bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilən görüşdə bütün bunlar barədə ətraflı söhbət açılıb, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

2017-09-12 / 17:45
Facebook