Kristin Muttonen: Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində müsbət təcrübəsi var

1504876350270403194_1000x669

Sentyabrın 8-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin ölkəmizdə səfərdə olan qurumun sədri xanım Kristin Muttonen ilə görüşü keçirilib.

Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verdiyini bildirdi. O, ATƏT-Azərbaycan əməkdaşlığından, regionda gedən proseslərdən söz açdı, bütün sahələrdə inkişaf edən ölkəmizlə qurum arasında əməkdaşlıq barədə fikirlərini bildirdi, bu səfərin əməkdaşlığın genişlədirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu dedi.

Vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında qonağa məlumat verdi. Əsas diqqəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişənin nizamlanması məsələsinə yönəldərək, problemin qısa zamanda həlli üçün ATƏT-in əməli addımlar atmasının vacibliyini vurğuladı. Münaqişənin region üçün təhlükəsindən danışan Bahar Muradova Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini və dinc azərbaycanlı sakinləri qətlə yetirdiklərini bir daha qonağın diqqətinə çatdırdı. Qurumun bu yöndə zəruri addımlar atmalı, Ermənistan tərəfinə ciddi təsirlər göstərməli olduğunu dedi.

ATƏT Parlament Assambleyasının sədri Kristin Muttonen Bakıda olduğu müddətdə ölkə rəhbərliyi ilə müxtəlif sahələrə dair faydalı müzakirələr apardığını dedi. O, Azərbaycanın qurumla əməkdaşlığını yüksək qiymətləndirdi və Assambleyadakı nümayəndə heyətinin fəal çalışdığını, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü söylədi. Qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqun qurulması sahəsində müsbət təcrübəsi olduğunu vurğuladı. Kristin Muttonen Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması üçün zəruri danışıq mühitinin yaradılmasında əlindən gələni əsirgəməyəcəyini də qeyd etdi.

Görüşdə deputat, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı qarşılıqlı əhəmiyyət kəsb edən bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı, hər iki tərəfi maraqlandıran suallar cavablandırıldı.

2017-09-08 / 17:43
Facebook