“Euronews” telekanalı Azərbaycanın musiqi ənənələri və tar barədə süjet hazırlayıb

1504682848140343277_1000x669

“Euronews” telekanalı Azərbaycanın musiqi ənənələri və simli musiqi aləti olan tar barədə süjet yayımlayıb.

Süjetdə bildirilir ki, tar sonsuzluq simvolu – səkkiz formasındadır. Bu alətin səsləndirilməsi Azərbaycan musiqi ənənələrini dərinləşdirib və əfsanəyə çevirib. Bir zamanlar tar səsi yalnız imkanlı insanların evindən gələrmiş.

“Euronews” telekanalının aparıcısı Avrora Veles: “Bizim günlərdə tar 11 simdən ibarətdir. Öz zəngin musiqi imkanlarına görə Qafqazda ən çox dinlənilən musiqi alətidir”.

Əvvəllər isə tarın daha az simləri olub. Lakin XVIII əsrin sonlarında “Tarın Atası” ləqəbli tanınmış tarzən Sadıxcan alətdə düzəlişlər edərək simlər əlavə edib. Bundan sonra tarın yeni həyatı başlayıb. Bu gün bu musiqi aləti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu alətin düzəldilməsinin sirləri əsrləri boyu qorunur və nəsildən-nəslə ötürülür.

Tar usta Mahir Vələdov deyir: “Çanaq ərik, qarağac və qoz ağaclarından da hazırlana bilər. Tarın aşıqlarını isə armud və qoz ağaclarından düzəltmək daha məqsədəuyğundur. Çanaq qış aylarında kəsilən yaşlı ağacdan düzəldilir”.

Farscadan tərcümədə “Tar” sim deməkdir. Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, üç - çanaq, qol və kəllə hissədən ibarətdir. Qoluna 22 pərdə bağlanır.

Süjetdə vurğulanır ki, əgər siz Azərbaycanı başa düşmək istəyirsinizsə, dağın yüksəkliyinə qalxın və tarın avazını dinləyin.

2017-09-06 / 11:32
Facebook