Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

150373006962751835_1000x669


Nizami rayonundakı hündürmərtəbəli binanın birinci və ikinci mərtəbəsində yerləşən “İndigo” bağçasının Qara Qarayev filialının açılışı olub. Bu barədə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Arif Qasımov dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, uşaq bağçalarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib. O, son illər ölkəmizdə bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.

A.Qasımov Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin Bakıda uşaq bağçası problemini həll etmək məqsədilə yeni tikilən, xüsusilə istismar müddəti başa çatan, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində inşa ediləcək binaların birinci mərtəbəsində uşaq bağçalarının nəzərdə tutulması tapşırığını xatırladıb.

Sonra tədbir iştirakçıları məktəbəqədər təhsil ocağı ilə tanış olublar.

Məlumat verilib ki, bağçanın tədris sahəsi 1000 kvadratmetr, həyətyanı sahəsi isə 500 kvadratmetrdir. 100-110 yerlik bu müəssisədə 2-6 yaş arasında uşaqlar tərbiyə olunacaqlar. Hazırda bağçaya 35 uşaq qəbul edilib. Otuz işçi ilə fəaliyyət göstərəcək müəssisədə tədris qrupları Azərbaycan və rus dillərində təşkil olunub. Uşaqların fiziki və psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarının tətbiqi nəzərdə tutulub. Bağçada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün idman və oyun zalları, attraksionlar yaradılıb, maraqlı və rəngli lövhələr hazırlanıb, açıq havada istirahət üçün yerlər ayrılıb. Yataq, yemək, dərs, musiqi, rəsm otaqlarının mövcud olduğu bağça ekoloji cəhətdən təmiz materiallardan hazırlanan oyuncaqlarla təmin edilib.

 

2017-08-26 / 11:58
Facebook