Azərbaycan taekvandoçusu Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb

15034833135611456039_1000x669

Tayvanın Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycanın taekvando üzrə milli komandasının üzvü Milad Beigi Hərçəqani qızıl medal qazanıb.

Universiadanın taekvando yarışlarında avqustun 23-də kişilərin mübarizəsində Milad Beigi Hərçəqani (80 kq) portuqaliyalı idmançı Jean Miçel Fernandesə 29:1, rusiyalı idmançı Boqdan Greçkinə 25:8, yaponiyalı Hidenori Ebatana 32:15 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda ev sahibi ölkənin idmançısı Liu Vei-Tinglə görüşən idmançımız rəqibini mübarizədən kənarlaşdıraraq finala adlayıb – 12:4.

Həlledici qarşılaşmada bu il dünya çempionatında məğlub etdiyi ispaniyalı Raul Garsia Martinezlə üz-üzə gələn Milad rəqibinə 6:3 hesabı ilə qalib gələrək Universiadanın qalibi olub.

Qeyd edək ki, Azərbaycan yarışda 12 taekvandoçu ilə təmsil olunur. Avqustun 22-də döşək üzərinə çıxan digər idmançımız Ayxan Tağızadə yalnız finaldakı rəqibinə məğlub olaraq Universiadanın gümüş medalını əldə edib.

2017-08-23 / 15:19
Facebook