Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodik toplantısı keçirilib

15000304732481761567_1000x669

Hərbi hissə və birləşmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqlarının təlim-metodik toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev toplantıda məruzə ilə çıxış edərək cari ilin birinci yarısında orduda şəxsi heyətin mənəvi-psixoloji tərbiyəsi istiqamətində görülən işlərdən və növbəti yarım ildə qarşıda dayanan əsas vəzifələrdən danışıb. O, çıxışında Silahlı Qüvvələrin Ali Baş Komandanının Ordu qarşısında qoyduğu tapşırıqlara müvafiq olaraq, hərbi qulluqçuların Vətənə, dövlətə, xalqa və hərbi anda sədaqət ruhunda tərbiyəsi sahəsində əsas məsuliyyətin hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin üzərinə düşdüyünü xüsusi vurğulayıb.

Toplantı işini məruzə ətrafında müzakirələrlə davam etdirib. Çıxış edən zabit və mütəxəssislər mənəvi-psixoloji tərbiyə işinin səmərəliliyini artırmaq üçün təklif və mülahizələrini bölüşüblər.

Tədbirin sonunda müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitlərinin, həmçinin psixoloqların təcrübi vərdişlərinin artırılmasında belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Müdafiə nazirinin müavini ordunun döyüş qabiliyyətinin gücləndirilməsi məqsədilə dövlətin və ordu rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən söhbət açaraq əmin olduğunu bildirib ki, şəxsi heyətin döyüş ruhunun daha da artırılması üçün komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri üzərilərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcək və bu sahədə bacarıqlarını əsirgəməyəcəklər.

2017-07-14 / 16:22
Facebook