• flag
  • Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu var

    15000155835078847004_1000x669

    Xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyət dövlətçilik tariximizdə görkəmli siyasi xadim Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəldib.

    Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsində bildirilib ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə universitetdə keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.

    Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu olduğunu deyib.

    Vurğulanıb ki, dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə milli inkişaf platformasını gerçəkləşdirməyə müvəffəq olub ki, bu da, öz növbəsində, Azərbaycanı dövlət müstəqilliyinə hazırlamaq idi. Diqqətə çatdırılıb ki, yaşadığımız bu firavan günlərin, neçə-neçə aydın səhərlərin, əbədi və dönməz müstəqilliyin təməli məhz o illərdə qoyulub. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul tarixi Azərbaycanın ən yeni tarixinin dönüş mərhələsinin başlanğıcıdır.

    “Daimi inkişafa və tərəqqiyə qovuşan yolun başlanğıcı” mövzusunda çıxışında ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov qeyd edib ki, 14 iyul tarixi Azərbaycanın həyatında dönüş günüdür. Ona görə ki, Azərbaycan həmin tarixdən etibarən Heydər Əliyev yolu ilə inkişaf edib, müstəqilliyə can atıb. Bu mənada, ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövr – 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb.

    Bildirilib ki, dahi rəhbər Heydər Əliyev bir-birinə zidd olan iki quruluşda – Sovet İttifaqı və müstəqillik illərində Azərbaycanı məharətlə idarə etməyi bacarıb. Müqayisə aparsaq, görərik ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə iqtisadiyyatın artım tempinə görə o vaxt SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxan Azərbaycan məhz bu gün dünyada ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkə kimi tanınır. Bu inkişaf, bu yüksəliş istər o dövrdə, istərsə də sonrakı illərdə və indi həyatımızın bütün sahələrində özünü göstərməkdədir.

    Universitetin elmi işlər üzrə prorektoru, fizika üzrə fəlsəfə doktoru Mübariz Nuriyev isə qeyd edib ki, Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə – Heydər Əliyev zirvəsi ucalır. Bu zirvə dünyanın hər yerindən görünür.

    2017-07-14 / 12:07
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070