Azərbaycanın xarici ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələrinin payına düşür

15000131994163159022_1000x669

Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 159 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8882,1 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6065,2 milyon dollar, idxalın dəyəri 2816,9 milyon dollar təşkil edib, nəticədə 3248,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,5 faiz artıb, real ifadədə isə 15,8 faiz, o cümlədən ixrac 7,9 faiz, idxal 27,6 faiz azalıb.

Ticarət dövriyyəsinin 38,9 faizi Avropa İttifaqı ölkələri, 13,0 faizi MDB üzvü dövlətləri, 48,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 21,2 faizi İtaliyaya, 13,3 faizi Türkiyəyə, 4,7 faizi Portuqaliyaya, hər biri 4,6 faiz olmaqla Gürcüstan və Kanadaya, 4,5 faizi Rusiyaya, 4,4 faizi Almaniyaya, 4,2 faizi Çinə, 4,0 faizi İsrailə, 3,9 faizi Hindistana, hər biri 3,8 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 23,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 19,3 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,7 faizi Çinin, 5,1 faizi Almaniyanın, 4,8 faizi Ukraynanın, 4,2 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,4 faizi Birləşmiş Krallığın, 3,1 faizi İranın, 2,1 faizi Qazaxıstanın, 2,0 faizi Fransanın, 25,5 faizi isə digər ölkələrin payına düşüb.

2017-07-14 / 11:28
Facebook