Balakəndə səyyar “ASAN qatar”ın xidmətindən indiyədək 452 sakin yararlanıb

14999477786330655949_1000x669

Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün reallaşdırılan səyyar “ASAN qatar” konsepsiyası bölgələrdə fəaliyyətini uğurla davam etdirir.

“ASAN xidmət”in müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar”ı iyulun 5-dən başlayaraq Balakən rayonunda vətəndaşlara səyyar formada xidmətlər göstərir. Bu xidmətlərdən qonşu Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri də yararlanırlar.

Xidmətlər 4 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Eyni zamanda, qatarda “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri də təşkil edilib.

Səyyar “ASAN qatar”ın qrup rəhbəri Ülvi Həsənzadə bildirib ki, qatar gözləmə zalı, laboratoriya, xidmət zalı, həmçinin əməkdaşların istirahət kupeləri olmaqla, 4 vaqondan ibarətdir. “ASAN qatar”a üz tutanlar müxtəlif xidmətlərlə yanaşı, “ASAN laboratoriya”da qan analizləri üçün də müraciət edirlər. Ümumiyyətlə, bu günədək Balakəndə səyyar “ASAN qatar”a 481 nəfər vətəndaş müraciət edib ki, onlardan da 452 nəfəri xidmətlərdən yararlanıb.

Qeyd edək ki, bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN qatar” Balakəndə iyulun 19-dək xidmət göstərəcək. Qatarın növbəti dayanacağı isə Siyəzən olacaq.

2017-07-13 / 17:50
Facebook