Prezident İlham Əliyevin İstanbulda keçirilən Dünya Neft Konqresində iştirakı tarixi əhəmiyyət daşıyır

1499805859607653537_1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirakı tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının Dünya Neft Konqresindəkı proqram xarakterli çıxışı, o cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşləri zamanı aparılan müzakirələr bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı və ən etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın uğurlu neft strategiyası bir tərəfdən enerji təhlükəsizliyini təmin edirsə, digər tərəfdən böyük bir coğrafiyada inkişafı, tərəqqini, insanların rifahını yüksəldir. Bütün bunlar iqtisadi inkişafın Azərbaycan modelinin dünyaya inteqrasiyasının vacibliyini ortaya qoyur.

Əvvəlcə xüsusi olaraq qeyd etmək lazımdır ki, Türkiyə Respublikasının 22-ci Dünya Neft Konqresinə ev sahibliyi etməsində Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının mövcudluğu, onun düzgün işlənilməsi və dünya bazarlarına çoxşaxəli şəkildə çatdırılması siyasəti mühüm rola malikdir. Prezident İlham Əliyevin dediyi kimi: “Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi”.

Prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin Baş naziri Binəli Yıldırımın, enerji və təbii sərvətlər naziri Berat Albayrakın, Bolqarıstanın Baş naziri Boyko Borisovun, Albaniyanın Baş naziri Edi Ramakın və digərlərinin çıxışlarıda, həmçinin Konqres çərçivəsində təşkil olunan panellərdə dəfələrlə dövlətimizin başçısının ifadə etdiyi faktlara müraciət olunub. Bütün hallarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Avropaya çatdırılması 22-ci Dünya Neft Konqresində əsas müzakirə mövzusu kimi tarixə vəsiqə qazanıb.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən neft strategiyasının regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi təsir təkcə bu layihələrin iqtisadi səmərəliliyi ilə deyil, həm də, siyasi əhəmiyyəti ilə özünü doğruldur. Dünya Neft Konqresində iştirak edən dövlət və hökumət başçıları, eləcə də dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərləri, həmçinin tanınmış mütəxəssislər çıxışlarında dəfələrlə vurğulayıblar ki, enerji təhlükəsizliyinin əsasını sülh və sabitlik, karbohidrogen ehtiyatlarının düzgün işlənilməsi, o cümlədən neft gəlirlərindən şəffaf və səmərəli istifadə edilməsi dayanır. Fikir və mülahizələrimizi əsaslandırmaq üçün Prezident İlham Əliyevin nitqindən daha bir məqama müraciət edək: “Bu Konqresdə əlbəttə ki, neft, qaz məsələləri diqqət mərkəzindədir. Mən çıxışımın sonunda bir məsələyə də toxunmaq istəyirəm. Adətən neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə biləydik. Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq və hesab edirəm buna nail olduq ki, “qara qızıl”ı insan kapitalına çevirək. Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, çox şəffaf şəkildə qoruyuruq. Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülmüşdür. Yəni, birinci şərt budur - tam şəffaflıq. Bizim Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır”.

Ümumiyyətlə, müasir dövrdə istənilən beynəlxalq əhəmiyyətli iqtisadi layihənin gerçəkləşməsində mühüm amillərdən biri tərəflərin götürdükləri öhdəlikləri qüsursuz, zamanında və keyfiyyətlə yerinə yetirməsidir. Bu prinsiplər bütün tərəflər üçün vacib amildir. Dövlətimizin başçısı Konqresdəki nitqində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycan həm götürdüyü öhdəlikləri yerinə yetirir, həm də bütün ölkələrə nümunəvi tərəfdaş olduğunu göstərə bilir. Prezident İlham Əliyevin bu barədə fikirləri olduqca maraqlı və əhəmiyyətlidir: “Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk”.

Türkiyənin kütləvi informasiya vasitələri dövlətimizin başçısının bu ölkəyə səfərinə, Konqresdəki nitqinə, həmçinin keçirdiyi ikitərəfli görüşlərə böyük diqqət göstərib.

Qardaş ölkənin KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşləri barədə çoxsaylı məlumatlar yayıb. Bu informasiyalar Anadolu Agentliyi, “Hüriyyət”, “Milliyət, “Yeni şəfəq” və s. aparıcı qəzetlərin manşet materialı olub. Bu media orqanlarının rəsmi saytında görüş barədə video material da yayılıb. Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial şəbəkədə paylaşdığı “Qardaşım, cənab Əliyev ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdik. Qardaşlığımız güclənərək davam edəcək” kimi səmimi ifadələri də media tərəfindən geniş işıqlandırılıb. Türkiyənin televiziya kanalları da dövlətimizin başçısının bu səfəri barədə geniş reportajlar hazırlayıblar.

Azərbaycan Prezidentinin İstanbul Neft Konqresində iştirakı barədə Türkiyə mətbuatında verilən yazıların mahiyyətini qısaca bu fikirlə ifadə etmək olar: Azərbaycanın karbohidrogen ehtiyatları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və böyük bir coğrafiyanın inkişafında əsaslı rola malikdir.

2017-07-12 / 10:08
Facebook