Neftçalada avtomobil istehsalı zavodunda inşaat işlərinin 60 faizindən çoxu başa çatıb

w_161499754894128445351_1000x669

Neftçala Sənaye Məhəlləsində “Azevrocar” MMC-nin İranın “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun tikintisi sürətlə davam edir.

Təməli 2017-ci ilin avqust ayında qoyulan zavodun tikintisində inşaat işlərinin 60 faizindən çoxu artıq başa çatıb.

İstehsal gücü ildə 10 min avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dəyəri 15 milyon ABŞ dolları olan layihə üzrə müvafiq anlaşma memorandumları ötən ilin aprelində imzalanıb. Həmçinin avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Sənaye məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Sahə rəisi Mehdi Hacıyev bildirib ki, plan üzrə layihəyə daxil olan bütün binalarda tikinti işlərinə start verilib. Paralel olaraq, layihə üzrə nəzərdə tutulan metal konstruksiya hissələrinin sifarişi həyata keçirilib və emalına başlanılıb. Cari ilin mart ayında layihə üzrə ümumi tikinti sahəsi 15000 kvadratmetr olan yığım sexi və son tamamlama binasının dəmir-beton konstruksiyaları tamamlanıb, hörgü işləri yekunlaşıb. Artıq metal konstruksiyalar quraşdırılır. Digər köməkçi binalarda isə konstruksiyaların quraşdırılması başa çatıb.

Tikintidə işlərin sürətləndirilməsi məqsədilə bir sıra tədbirlər də görülür. Binaların elektriklə təminatı, yol və abadlıq, həmçinin digər texniki layihələrə daxil olan podrat işlərinin iş həcmlərinə uyğun təkliflər alınıb, subpodrat təşkilatları müəyyənləşib. Ən yaxın zamanda bu işlərin icrasına da start veriləcək.

Zavodun tikintisinin bu ilin üçüncü rübündə başa çatdırılması nəzərdə tutulub.

2017-07-11 / 12:06
Facebook