ABŞ-ın nüfuzlu düşüncə mərkəzində Azərbaycanın və regionun strateji əhəmiyyəti müzakirə edilib

1499748579338479897_1000x669

Vaşinqtonda nüfuzlu düşüncə mərkəzi olan İrs Fondunda (Heritage Foundation) “Təhlükəsizlik və iqtisadi inkişaf: İpək Yolu və Xəzər” mövzusunda tədbir keçirilib.

ABŞ administrasiyası rəsmilərinin, Vaşinqtondakı diplomatik korpusun nümayəndələrinin, düşüncə mərkəzlərinin əməkdaşlarının və müxtəlif ekspertlərin iştirak etdiyi tədbiri açan İrs Fondunun vitse-prezidenti Ceyms Karafano görüşün əhəmiyyətini vurğulayıb.

Ağ Evin Mərkəzi Asiya üzrə direktoru Deyvid Qambl regionun əhəmiyyətindən danışıb, ölkəsinin əməkdaşlığın inkişafında maraqlı olduğunu ifadə edib. O, geniş əməkdaşlıq imkanlarından söz açaraq, təhlükəsizlik və iqtisadi əlaqələrə xüsusi toxunub. D.Qambl ABŞ-ın regionla daha geniş iqtisadi əməkdaşlığı üçün zamanın yetişdiyini bildirib.

Sonra regionda təhlükəsizlik məsələlərinə həsr olunmuş paneldə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, Qazaxıstan səfiri Erjan Kazıxanov və Özbəkistanın BMT yanında daimi nümayəndəsi Bəxtyar İbragimov çıxış ediblər.

Panel İrs Fondunun Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofinin moderatorluğu ilə keçib.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Reks Tillerson arasında iyulun 10-da keçirilmiş görüşü xatırladıb, tərəflər arasında müxtəlif məsələlərin, o cümlədən Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin icrasının müzakirə edildiyini vurğulayıb, Avropanın enerji təhlükəsizliyinə töhfə verən bu layihənin müasir İpək Yolunda əlavə beynəlxalq enerji magistralı yaratdığını söyləyib. E.Süleymanov ABŞ-ı enerji diplomatiyasında, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşdırılmasında daha fəal səylər göstərməyə çağırıb.

Respublikamızın müasir İpək Yolunda oynadığı vacib rola toxunan E.Süleymanov Azərbaycanın region ölkələri ilə sıx əməkdaşlığının Qərb-Şərq daşımalarının daha da sürətləndirilməsinə, regional ticarət və inkişafa yönəldiyini qeyd edib. Səfir bu yaxınlarda Vaşinqtonda Azərbaycanın təşəbbüsü, altı regional dövlətin təşkilatçılığı ilə keçirilmiş Trans-Xəzər Forumunu qeyd edərək, müstəqillik qazandıqdan sonra 26 il ərzində bu dövlətlərin birgə əməkdaşlıq çərçivəsində regionu inkişaf etdirdiklərini, enerji və nəqliyyat layihələri həyata keçirməklə beynəlxalq inkişafa töhfə verdiklərini, həm də regional sülh və rifaha şərait yaratdıqlarınıı bildirib.

Yaxın Şərqdə cərəyan edən radikalizm və qeyri-sabitlik kontekstində E.Süleymanov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri dünyəvi cəmiyyətlər qurur. Tərəqqi və inkişafa yönəlmiş bu yanaşma təqdir edilməlidir. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin birgə quruculuq işi fonunda səfir vurğulayıb ki, radikallıq yalnız dini baxışlardan deyil, həmçinin etnik əsaslı ideologiyalardan qaynaqlanır və buna misal olaraq, torpaqlarımızı işğal etmiş, dinc sakinlərə divan tutan Ermənistan misal göstərilib. Bu yaxınlarda iki yaşlı azərbaycanlı körpə Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirən Ermənistan tərəfi belə addımları ilə nəinki regional sabitliyə zərbə vurur, eyni zamanda, öz gələcəyini uçuruma aparır. Səfir ABŞ-ı Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal səylər göstərməyə çağırıb.

Hazırda regional layihələrin tamamlanmaq üzrə olduğunu söyləyən E.Süleymanov Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin birgə sərhəd-keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi üzərində çalışdığını qeyd edib. Azərbaycan diplomatı bu sahədə ən yaxşı dünya təcrübələrinin öyrənildiyini vurğulayıb. Eyni zamanda, E.Süleymanov ilk dəfə Azərbaycanda tətbiq edilən, şəffaflığın təmin olunmasında mühüm nailiyyətlər qazanılan və bütün dünyada təqdir olunan “ASAN Xidmət” layihəsinin vətəndaşlar tərəfindən də razılıqla qarşılandığını bildirib, bunun bir örnək kimi digər dövlətlər tərəfindən də öyrənilməli olduğunu diqqətə çatdırıb.

Növbəti paneldə regionda iqtisadi məsələlər müzakirə olunub. Xəzər Siyasət Mərkəzinin rəhbəri Əfqan Niftiyevin moderatorluq etdiyi bu paneldə ABŞ Silahlı Qüvvələri Baş qərargah rəisinin xarici siyasi məsələlər üzrə müşaviri səfir Riçard Norland, Nazarbayev Prezident Kitabxanasının direktor müavini Timur Şaimergenov, “ABŞ EXPO 2017”nin icraçı direktoru Coşua Uoker və Enerji, Təbii Ehtiyatlar və Geopolitika Mərkəzinin direktoru Ariel Kohen çıxış ediblər.

Çıxışlarda Azərbaycanın regionda strateji rolundan bəhs olunub, aparılan regional əməkdaşlıq siyasəti təqdir edilib.

Qeyd edək ki, tədbir İrs Fondu ilə yanaşı, Xəzər Siyasət Mərkəzi və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən təşkil olunub.

2017-07-11 / 09:52
Facebook