“ASAN Viza” sistemi yeniliklərin tətbiqinə başladı

14994070051361354153_1000x669

İyulun 6-dan etibarən “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı hazırlanmış dəyişikliklərin tətbiqinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərmanına müvafiq olaraq tətbiqinə başlanılan bu yeniliklər bir neçə istiqaməti əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci il iyulun 6-dan etibarən sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün evisa.gov.az internet səhifəsi vasitəsilə müraciət edə bilər.

Qeyd olunan tarixdən elektron vizaların etibarlılıq müddəti ölkədə qalma müddəti 30 gün olmaqla 90 gün təşkil edir.

Görülən tədbirlər çərçivəsində “ASAN Viza” sisteminin internet səhifəsinin təkmilləşdirilməsi işləri aparılıb. Belə ki, Azərbaycana gələn turist axınlarını nəzərə alaraq, “ASAN Viza” sisteminin internet səhifəsinin ərəb və fars dillərində olan versiyaları istifadəyə verilib.

Bundan başqa, elektron viza alınması üçün ərizə məlumatları daxil edilməmişdən öncə tez-tez edilən səhvlərə dair təlimat və səyahət sənədinin nümunəsi istifadəçi ekranına pop-ap formasında çıxır.

Müraciət edənin məlumatları internet səhifəsinə daxil olunduqdan sonra “Təsdiq et” pəncərəsində həmin məlumatlarla yanaşı, ərizəyə əlavə edilmiş səyahət sənədinin surəti də istifadəçi ekranında göstərilir, yəni, yeni elektron viza blankı tətbiq olunur.

Yuxarıda qeyd olunan Fərmana əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılması yaxın zamanlarda təmin ediləcək.

“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2017-ci il yanvarın 10-dan etibarən həyata keçirilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər.

Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən 93 ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

2017-07-07 / 11:07
Facebook