Məscidlərdə Alxanlı şəhidləri yad ediləcək

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə 7 iyul tarixində paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə, habelə İdarənin xaricdəki səlahiyyətli  nümayəndəliklərinin fəaliyyət göstərdiyi məkanlarda Cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının  - qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

Bu barədə QMİ mətbuat xidməti məlumat yayıb.

Din xadimlərinə sabahkı cümə xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı — dinc əhaliyə qarşı mütəmadi törədilən, qadın, uşaq və qocaların qətlləri barədə moizə edilməsi tapşırılıb.

İdarənin xaricdəki səlahiyyətli nümayəndələrinə fəaliyyət göstərdikləri ölkələrin ictimaiyyətinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətləri çatdırmaq tapşırığı verilib.

QMİ sədri Şeyxülislam A.Paşazadə Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.

Allah Vətənimizi hifz etsin!

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.Təxribat nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

2017-07-06 / 11:53
Facebook