Vaqif Dərgahlı: Baş verə biləcək hər hansı hadisə ilə bağlı bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür

14992448994830229329_1000x669

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı dərhal hərbi hospitala çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Bunu iyulun 5-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib: “Silahlı Qüvvələrimizin bölmələri dərhal cavab tədbirləri görüblər. Əlbəttə ki, Ermənistan tərəfi də itkilər verib. Ancaq həmişə olduğu kimi, düşmən bu dəfə də öz itkilərini gizlədir. Beynəlxalq qurumlar hadisə ilə bağlı məlumatlandırılıb. Ermənistan tərəfinin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyan edir ki, baş verə biləcək hər hansı hadisə ilə bağlı bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.

2017-07-05 / 15:32
Facebook