Bakı Ali Neft Məktəbində layihə iştirakçılarına Corc Vaşinqton Universitetinin magistr sertifikatı veriləcək

1499080366707037882_1000x669

Bakı Ali Neft Məktəbində (BANM) BP və onun tərəfdaşları, o cümlədən layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti sayılan “TwentyEighty Strategy Execution”un və bu ali təhsil ocağının birgə layihəsi olan Layihələrin İdarəedilməsi Məktəbində (SPM) növbəti təlimlərə başlanılıb.

BANM-dən bildiriblər ki, bununla bağlı keçirilən mərasimdə bu ali təhsil ocağının, SOCAR və BP-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov SPM-də cari ilin mayından başlayaraq birinci qrupun təlimlərinin keçirilməsi və qrup üzvlərinin imtahanlardan yüksək nəticə əldə etmələri barədə məlumat verib. BANM-in tələbələrinin uğurlarından söhbət açan rektor bu ali məktəbin neft qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Riyad Muradovun ABŞ-ın Stanford Universitetinin magistratura pilləsinə təqaüd qazanmaqla daxil olduğunu deyib. Vurğulanıb ki, BANM-in tələbələri “Petkim”, BP və digər şirkətlərdə işə cəlb olunurlar.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu cür layihələrin gələcək kadrların yetişdirilməsində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, E.Qasımovu uğurlu layihə münasibətilə təbrik edib.

Layihənin həyata keçirilməsindən məmnunluğunu bildirən BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli müvafiq sahənin xüsusi inkişafından və əhəmiyyətindən danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli təhsilin hər bir yaş dövründə xüsusi önəmini vurğulayıb, bu cür beynəlxalq təlim proqramının BANM-də həyata keçirilməsinin böyük uğur olduğunu diqqətə çatdırıb.

“TwentyEighty Strategy Execution” şirkətindən xüsusi olaraq təlimləri aparmaq üçün dəvət edilən, bank işi, informasiya-texnologiyaları, inşaat və pərakəndə satış kimi sahələrdə layihə idarəedilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malik Con Pelham Bakıda olmasından və təlimləri aparacağından məmnunluğunu bildirib.

Qeyd edək ki, SPM proqramı 2011-ci ildə BP və onun tərəfdaşları tərəfindən layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək məqsədilə təsis edilib. “TwentyEighty” şirkətinin texniki dəstəyi və yerli tərəfdaşla birgə həyata keçirilən proqram yeddi moduldan ibarətdir. Layihənin yekununda ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatının verilməsi nəzərdə tutulur. Proqramda başlandığı gündən etibarən 98 müxtəlif qurumu təmsil edən 300-dən artıq mütəxəssis iştirak edib. BANM-in dəstəyi ilə proqramın dördüncü mərhələsinin həyata keçirilməsinə başlanılıb. Bu mərhələdə 52 mütəxəssisə təlim keçiriləcək və daha sonra BANM proqramı müstəqil tədris etmək səlahiyyətini qazanacaq.

2017-07-03 / 16:13
Facebook