ABŞ-ın nüfuzlu radiosunda Formula-1 yarışı və Trans-Xəzər dəhlizinin strateji əhəmiyyəti müzakirə olunub

14988013653882733074_1000x669

ABŞ-da geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovdan müsahibə alıb.

Müsahibə zamanı aparıcı Con Batçelor bu günlərdə ölkəmizdə yenidən keçirilən möhtəşəm Formula-1 yarışı barədə xoş təəssüratlarını bölüşərək, böyük azarkeş kütləsinə malik bu yarışın yüksək səviyyədə təşkili ilə əlaqədar ölkəmizi təbrik edib. O, təsadüfən ABŞ-ın Nyu-York şəhərində ictimai iaşə obyektlərinin birində yerli sakinlərlə söhbət zamanı bu barədə eşitdiyini, hər kəsin həmin yarış haqda danışdığının şahidi olduğunu və bunun bir daha Azərbaycanın dünya miqyasında tanınmasının göstəricisi olduğunu vurğulayıb.

Səfir Elin Süleymanov Azərbaycanda ikinci dəfə keçirilən Formula-1-in azarkeşlərinin ötən il olduğu kimi, maraqlı və həyəcan dolu bir yarış izlədiyini qeyd edib. O, yarış zamanı televiziya tamaşaçılarının və qonaqların Azərbaycanın paytaxtı Bakı şəhərinin gözəl mənzərəsini seyr etmək, eləcə də azarkeşlərin idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əylənmək imkanı qazandıqlarını söyləyib. Azərbaycan Qran-Prisi çərçivəsində dünyanın ən tanınmış müğənnilərindən olan Meraya Kerinin iştirakı ilə musiqi proqramının təşkil edildiyini deyən səfir Bakının dəfələrlə məşhur dünya ulduzlarını qəbul etdiyini diqqətə çatdırıb.

E.Süleymanov Azərbaycanın təşəbbüsü, Vaşinqtonda akkreditə olunmuş altı ölkənin – Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın səfirliklərinin birgə təşkilatçılığı ilə bir neçə gün əvvəl keçirilmiş Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi Forumu haqda danışaraq, bu tədbirin adları sadalanan ölkələrdə həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes dairələrinin məlumatlandırılması üçün mühüm platforma olduğunu vurğulayıb. O bildirib ki, iki gün davam edən forum çərçivəsində nüfuzlu Corc Vaşinqton Universiteti, ABŞ Konqresi və Dünya Bankının mənzil-qərargahında təşkil olunan tədbirlərdə çıxış edən ABŞ rəsmiləri, o cümlədən Konqres üzvləri və Nəqliyyat Komandanlığının rəhbərliyi Xəzər regionunun vacibliyinə toxunaraq, onun ABŞ şirkətləri üçün yeni investisiya və logistik imkanlar açdığını vurğulayıb. Səfir, həmçinin enerji layihələri ilə yanaşı, Çindən Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlər, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verib və bu xüsusda, “Boeing”, “General Electric” kimi aparıcı ABŞ şirkətləri ilə əməkdaşlıq edildiyini qeyd edib. Eyni zamanda, səfir Trans-Xəzər dəhlizinin region ölkələri arasında iqtisadi-ticarət münasibətləri ilə yanaşı, xalqlar və mədəniyyətlər arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

 

2017-06-30 / 10:47
Facebook