Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

 

Nəsimi rayonunda aztəminatlı ailələrlə görüş keçirilib və Heydər Əliyev Fondu tərəfindən bayram sovqatları paylanılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Ramazan bayramı ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə, ilk növbədə, yardıma ehtiyacı olanlara – şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, rayonda məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsizlərə, ümumilikdə min ailəyə ərzaq bağlamaları paylanılıb.

 Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək deyib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. O, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. İcra başçısı Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışıb. O qeyd edib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində mötəbər idman bayramı olan İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, idmançılarımızın zəfəri Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsidir.

Asif Əsgərov bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində uzun illər ərzində misilsiz səyləri, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti göz qabağındadır.

Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov çıxış edərək tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, Fondun həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibətilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

2017-06-23 / 10:20
Facebook