“Əziz Əliyev. Biblioqrafiya” kitabının və elektron məlumat bazasının təqdimatı olub

14979527243316445495_1000x669

İyunun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə “Əziz Əliyev. Biblioqrafiya” kitabının və “Əziz Əliyev” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsindən danışıb. K.Tahirov görkəmli alimin vətən və xalq qarşısında misilsiz xidmətlərindən söhbət açaraq onun böyük təşkilatçı, dövlət xadimi olduğunu qeyd edib.

Kitabxananın direktoru bildirib ki, təqdimatı keçirilən biblioqrafiya Azərbaycanda səhiyyə sisteminə layiqli töhfələr vermiş Əziz Əliyevin yubileyi ilə əlaqədar Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib edilib. Buraya Əziz Əliyevin həyatını, elmi və ictimai fəaliyyətini əks etdirən ədəbiyyat toplanıb.

Sonra Əziz Əliyev haqqında sənədli film nümayiş olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kitabxana tərəfindən görkəmli şəxsiyyətlər haqqında biblioqrafik göstəricilərin hazırlanmasını yüksək qiymətləndirib. Nazir Azərbaycan xalqının tarixində silinməz iz qoymuş Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışıb. Respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında onun xüsusi xidmətləri olduğunu qeyd edib.

Əbülfəs Qarayev Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində Əziz Əliyevin böyük rolu olduğunu vurğulayıb. Nazir, Əziz Əliyev nəslinin davamçılarının mədəniyyətə, incəsənətə bağlı insanlar olduğunu bildirərək bu ənənənin indi də davam etdiyini deyib.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov görkəmli alimin səhiyyə elminə, tibb təhsilinə töhfələrindən danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Nizami Cəfərov və Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin biblioqrafiya kafedrasının müdiri Nadir İsmayılov, publisist-politoloq Reyhan Mirzəzadə görkəmli alimin nümunəvi həyat yolundan söz açıb, ömrünü tibb elminin inkişafına həsr edən Əziz Əliyevin Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirdiyindən, onun bu sahədəki əvəzsiz xidmətlərindən danışıblar.

Çıxış edənlər biblioqrafiyada Əziz Əliyevin həyat və yaradıcılığına geniş yer verildiyini vurğulayaraq, nəşri yüksək qiymətləndiriblər.

Qeyd edək ki, biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və yaradıcılığına dair 1933-cü ildən 2017-ci ilədək geniş bir dövrü əhatə edən ədəbiyyat öz əksini tapıb. Biblioqrafik göstərici Azərbaycan və rus dillərində tərtib edilib, materiallar bölmələr daxilində xronoloji prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb.

Tədbirdə “Əziz Əliyev” elektron məlumat bazası təqdim edilib. Qonaqlar, həmçinin “Əziz Əliyev–120” kitab sərgisi ilə tanış olublar.

2017-06-20 / 16:39
Facebook