Azərbaycanın innovativ miqrasiya idarəçiliyi sahəsində müsbət təcrübəsi başqa ölkələr tərəfindən öyrənilir

1497874450425402489_1000x669

İyunun 19-da Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) miqrantların sağlamlığı məsələsinin təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal vəhdət prosesinə daxil edilməsi təşəbbüsü çərçivəsində “Miqrasiya və səhiyyə” mövzusunda milli müzakirə keçirib.

Dövlət Miqrasiya Xidməti (DMX) ilə əməkdaşlıq şəraitində təşkil olunan tədbirdə dövlət qurumlarının, beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər.

BMqT-nin Nyu-York Bəyannaməsi və təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə qlobal vəhdət təşəbbüsü üzrə məsləhətçisi Klaus Folden qlobal vəhdət prosesi barədə məlumat verib. Bildirilib ki, əsas hədəf BMT-nin qlobal inkişaf məqsədlərinə nail olmaqdır. Nyu-York Bəyannaməsi çərçivəsində dövlətlər miqrasiya üzrə qlobal vəhdət prosesinin əsasını qoyublar. Bu proses çərçivəsində ölkələrdə milli müzakirələr təşkili olunur. Məqsəd dialoqun qurulması, qlobal vəhdət prosesi ilə bağlı maarifləndirmə işinin aparılması, ölkəmizin müsbət təcrübəsi üzrə tövsiyələrin, təkliflərin hazırlanaraq toplanması və Azərbaycan hökuməti adından Meksikada keçiriləcək yekun konfransa təqdim edilməsidir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ölkəmizin miqrasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanın təyinat ölkəsinə çevrilməsi nəticəsində ölkəyə gələnlərin və burada müəyyən vaxt qalanların artması səbəbindən Azərbaycan hökuməti miqrasiya sahəsində gördüyü tədbirləri genişləndirir. BMqT-nin Azərbaycandakı nümayəndəliyi də bu sahədə müvafiq dövlət qurumları, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı ilə daim əməkdaşlıq edir.

S.Aktopark bildirib ki, Azərbaycanda miqrasiya sahəsi üzrə qanunvericilik mütəmadi təkmilləşdirilir. Azərbaycanda miqrasiya idarəçiliyi sahəsindəki böyük siyasi iradə nəticəsində DMX və digər dövlət qurumları mütərəqqi işlər görürlər. Hazırda BMqT Dövlət Miqrasiya Xidməti və digər müvafiq qurumlarla əməkdaşlıq şəraitində növbəti beş il üçün miqrasiya idarəçiliyi strategiyasının hazırlanmasında Azərbaycan hökumətinə dəstək verir. Bu istiqamətdə təşkilat Azərbaycan hökuməti ilə yeni texnologiyaların, innovativ sistemlərin, miqrasiya idarəçiliyi sahəsində innovativ təcrübənin həyata keçirilməsində əməkdaşlıq edir. Azərbaycanın innovativ miqrasiya idarəçiliyi sahəsində müsbət təcrübəsi digər ölkələr tərəfindən öyrənilir.

S.Aktoprak qeyd edib ki, Azərbaycandakı məcburi köçkünlər bütün beynəlxalq qurumlar tərəfindən miqrant hesab olunur. Azərbaycan inkişaf etdikcə çoxlu ölkələrdən miqrantlar gəlməkdə davam edəcək. Dövlət Miqrasiya Xidməti bu prosesə tam hazırdır.

DMX-nin tibb müəssisəsinin baş inspektoru, baş həkim Firuzə Hüseynova qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmət və həyata keçirilən psixoloji yardım barədə məlumat verib.

Dünyada təqribən 250 milyon beynəlxalq, 750 milyon daxili miqrantın olduğunu deyən BMqT-nin miqrasiya səhiyyəsi üzrə məsləhətçisi Hayme Kalderon qeyd edib ki, ölkələr inkişaf etdikcə miqrantların sayı da artır. BMqT öz fəaliyyətində miqrantların səhiyyə məsələlərinə diqqət yetirir. Çünki miqrantların səhiyyə xidmətindən faydalanması, onların sağlamlığı vacib məsələdir.

BMqT-nin layihə əlaqələndiricisi Müşfiq Eminov təşkilatın Azərbaycanda miqrasiya və səhiyyə sahəsindəki maarifləndirmə işi barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycan hökuməti qlobal miqrasiya idarəçiliyi sahəsində nümunə təşkil edən ölkənin miqrasiya idarəçiliyi üzrə milli modelinin inkişaf etdirilməsi üçün çalışır.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

2017-06-19 / 17:24
Facebook