Belarusda Azərbaycan Ticarət Evi açılıb

 

 

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ötən ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində hər iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, Belarusda Azərbaycan Ticarət Evinin yaradılması, bu ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilib.

Verilmiş tapşırıqların icrası olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Belarus Respublikasının paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan Azərbaycan Ticarət Evinin təşkili işləri başa çatdırılıb. Ticarət Evinin idarə edilməsi məqsədilə “Azərbaycan Ticarət Evi” MMC yaradılaraq Belarus Respublikasında dövlət qeydiyyatına alınıb.

 Minskdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, o cümlədən Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, həmçinin iş adamlarının iştirakı ilə Azərbaycan Ticarət Evinin açılışı olub.

Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərəcək, Belarusda satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Artıq Azərbaycan Ticarət Evi tərəfindən bu işlərə başlanılıb. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin genişlənməsinə böyük önəm verdiyini vurğulayıb, Azərbaycan-Belarus əlaqələrinin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, uğurla inkişaf etdiyini və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində olduğunu diqqətə çatdırıb. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, ölkə rəhbərlərinin şəxsi dostluq münasibətləri əlaqələrin genişlənməsinə böyük impuls verir. Ölkələrimiz arasında birgə investisiya layihələri uğurla icra olunur. Belə layihələrdən biri də Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasıdır.

Nazir Şahin Mustafayev qeyd edib ki, qısa müddətdə bu istiqamətdə işlər sürətlə aparılıb, hər iki ölkənin sahibkarlarının iştirakı ilə biznes forum, işgüzar görüşlər keçirilib. Minskdə 2016-cı ilin dekabrında keçirilmiş biznes forumda 33 anlaşma memorandumu və 2 müqavilə imzalanıb. Bu sənədlər Azərbaycan məhsulu olan tütün, pambıq, xalça, çay, meyvə-tərəvəz və onlardan emal edilmiş məhsulların, spirtli içkilərin (şərab, konyak və s.) Belarusa ixracını, həmçinin bu ölkədən Azərbaycana bir sıra məhsulların idxalını nəzərdə tutur. Bu müqavilələrin icrasına başlanıb. Şahin Mustafayev Minskin gözəl guşələrindən birində Azərbaycan Ticarət Evinin açılmasının iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb, göstərilən dəstəyə görə Belarus hökumətinə minnətdarlıq edib.

Belarusun Xarici İşlər naziri Vladimir Makey Azərbaycan nümayəndə heyətinin Belarusa səfərindən məmnunluğunu bildirib, belə səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Belarusun Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edən Vladimir Makey potensial əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Belarus Xarici İşlər naziri Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm addım olduğunu bildirib.

Azərbaycanın Belarus Respublikasındakı səfiri Lətif Qəndilov vurğulayıb ki, Azərbaycan artıq “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxır. Belarusda açılan Azərbaycan Ticarət Evi buna bir misaldır. Səfir bildirib ki, Azərbaycan məhsulları Belarusda yaxşı tanınır və Azərbaycan Ticarət Evinin açılması Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, Belarus və Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirəcək və Azərbaycandan Belarusa mal ixracını artıracaq, ixracın strukturunun şaxələndirilməsinə əlavə stimul verəcək.

Tədbirdə “Azərbaycan Ticarət Evi” MMC ilə Belarus Respublikasının İstehlak Cəmiyyətləri İttifaqı (“Belkoopsoyuz”), “Harvist Milk” MMC və “Praym Rezerv” MMC, həmçinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarus Respublikasının Sənaye Müəssisələrinin Respublika Assosiasiyası (“BelAPP”) arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

Açılış mərasimində Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan film nümayiş edilib, Azərbaycan incəsənət ustalarının ifasında muğam və milli musiqimiz səsləndirilib.

Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar. Azərbaycan nümayəndə heyəti Belarusa səfər çərçivəsində həmçinin Azərbaycan investisiyalı Logistika Mərkəzində olub.

2017-05-27 / 15:17
Facebook