• flag
  • Avropada Türkiyə xofu...


       photo_84620

    Tarixi qələbə ...

     

    Türkiyə 16 aprel 2017-ci ildə parlaq gələcəyə, regional və iqtisadi inkişafa, siyasi stabilliyə yönələn Konstitusiya dəyişikliklərinə “hə” dedi. Bununla qardaş dövlət yeni bir tarixi mərhələyə qədəm qoydu.  Türk milləti hakimiyyətlə həmrəy olaraq prezidentlik sisteminə keçidi dəstəklədi.

    Bu, heç də təsadüfi deyildir. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qurucusu olduğu “Ədalət və İnkişaf Partiyası” nın 14 illik hakimiyyəti Türkiyə tarixinin dirçəliş və özünüdərk dövrü kimi xarakterizə oluna bilər. Bu dövrdə Türkiyə dünyanın ən böyük iqtisadiyyatına malik 15-ci dövlət oldu. Adambaşına düşən gəlir 1300 dollardan 10000 dollara qalxdı. Türkiyə regionun güc mərkəzinə çevrildi, Yaxın və Orta Şərqə çıxışa qapı rolunu oynadı. Ölkənin milli gəliri 800 milyard dollara çatdı.

    Məhz R.T.Ərdoğan və onun komandası seçkili hakimiyyət tərəfdarı oldular. Hakimiyyətin seçilməsində və qurulmasında xalqın rolu ön plana çəkildi. 2007-ci ildə Türkiyə Anayasasına edilən dəyişikliklə Prezidentin xalq tərəfindən seçilməsi dəstəkləndi. Xalq siyasi hakimiyyətdə aparıcı qüvvə rolunu oynadı. Siyasi-iqtisadi sahədə reformalar Türkiyəni müasir beynəlxalq münasibətlər sisteminin aktorlarından birinə çevirdi.

    Prezident R.T.Ərdoğan hər zaman Türkiyənin, türk millətinin milli maraqlarından çıxış edərək ümumxalq etimadını qazandı. 16 aprel referendum nəticələri ilə bu etimad bir daha öz təsdiqini tapdı.

    Lakin məlumdur ki, Türkiyənin sürətli inkişafı, regional güc statusunu qazanması heç də Qərb üçün arzuolunan deyil. Son referendum nəticələri, millətin hakimiyyətlə həmrəy olaraq daha qüdrətli Türkiyəyə “hə” deməsi Avropada ciddi siqnal kimi qəbul olundu. Hələ referendum keçirilməzdən əvvəl Avropa açıq şəkildə hər vəchlə təbliğat kampaniyalarına əngəl olmağa çalışır, qeyri-dəqiq və qərəzli mövqeyini nümayiş etdirir, referendum əleyhinə  fəaliyyətə start verirdi. Hollandiya hökuməti martın 11-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rotterdam şəhərində referendumla bağlı orada yaşayan Türkiyə vətəndaşları ilə keçirməyi planlaşdırdığı mitinqinə icazə vermədi.  Nazir M.Çavuşoğlunun ölkəyə girişinin qarşısını almaq məqsədilə  Hollandiyaya uçuş icazəsi ləğv olundu. Həmçinin Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobili Hollandiyanın girişində saxlanıldı. Qeyd edək ki, xanım nazir Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Rotterdama Almaniyadan avtomobillə getmək istəmişdi, lakin Hollandiya hökuməti buna da əngəl olmuşdu. 

    Hətta Hollandiyanın Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının sədri Gert Vilders türklərə media vasitəsilə  müaciət edərək ölkəni tərk etməyi tələb etmişdi. “Türklər, bizim daha artıq müsəlmana ehtiyacımız yoxdur. Gedin burdan!” --  deyə  bəyanat vermişdi.  Bundan öncə analoji hadisə Almaniyada da olmuşdu.  Bu isə haqlı olaraq Avropada yaşayan türklərin etirazına səbəb olmuş, 10 minlərlə türk əllərində Türkiyə bayrağı ilə küçələrə çıxaraq, öz narazılıqlarını bildirmişdi.  Rotterdamda konsulluq qarşısında toplanan türk vətəndaşları və jurnalistlərin üzərinə Hollandiya polisi itlərlə hücum etmiş, bəzi etirazçılar saxlanılmışdı.  Bu vəhşiliklərə qarşı isə Qərb həmişəki kimi göz yummuş, bununla bağlı beynəlxalq, regional qurumlar tərəfindən heç bir bəyanat verilməmiş, münasibət bildirilməmişdi. Lakin Qərbin xüsusi “canfəşanlığına”, daxildə bəzi xain qüvvələrlə işbirliyinə baxmayaraq referendum Türkiyə hökumətinin və millətinin gələcəyi xeyrinə həll olundu.

     

    Avropanın demokratiya “dərsi”...

     

    Referendumun nəticələrindən sonra Avropada xüsusi həyəcan təbili çalındı. Referendumla əlaqəsi olan – olmayan hər kəs demokratik seçkiləri ləkələməyə başladı. Faşizm cücərtilərinin müşahidə olunduğu Avropa radikal sifətini göstərdi. Referendum elan olunan vaxtdan müxtəlif bəhanələrlə əngəl olmağa çalışan, daha sonra isə ümumxalq səsverməsinin nəticələrini müzakirə obyektinə çevirən, iradlarını bildirən  Avropa Şurasının Türkiyədəki seçkilərə nəzarət edən nümayəndəsi A.Hunko referendum nəticələrinin “qeyri-obyektivliyi” ilə bağlı məruzə hazırladı. A.Hunkonun PKK terror təşkilatının bayrağının önündə çəkdirdiyi şəkilin ortaya çıxması onun referendum nəticələri ilə bağlı  hazırladığı məruzənin  nə dərəcədə “ədalətli” olduğunu göstərirdi. ATƏT isə referendumun əvvəlində olduğu kimi, nəticələrdən sonra da Türkiyəyə irad tutmağa davam etdi. Avropa Parlamentinin Türkiyə nümayəndəsi Kati Piri də nəticələrə yenidən baxılmasını, Türkiyənin bu Konstitusiya ilə Avropa Birliyinə qatılmasının qeyri-mümkün olduğunu bəyan etdi.  K.Pirinin Türkiyənin kürdyönümlü HDP partiyasının sədri Səlahəddin Demirtaşla səmimi fotosu da bu bəyanatın haradan qaynaqlandığını, Qərbin ikili siyasətini bir daha sübut etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendum nəticələri ilə bağlı Avropanın bütün təzyiqlərinə qarşı bəyan etdi ki, “bu ölkə, tarixində görünməmiş ən demokratik seçkiləri gerçəkləşdirmişdir. Türkiyənin nazirlərini Avropaya qoymazkən, orada toplantı etdirməzkən utanmadan bu seçkilər haqqında kölgə düşürmə yarışına havayı girməyin. Nəticə alammazsınız”.

    Fransa Beynəlxalq Əlaqələr İnstitutunun siyasətçisi Filip Moro Defarges isə Fransanın  “BFM Business” kanalında yayımlanan "Dünyada 7 gün" adlı proqramda referendum nəticələrinin, guya ədalətsiz olduğunu bildirərək demişdir: “Geriyə iki yol qalır: ya vətəndaş müharibəsi, ya da bunu söyləmək çətindir, amma Ərdoğanı aradan götürmək”.  Bununla o, heç bir hüquqa sığmayan faşist çağırışı etmiş və bu, Avropada yaşayan türk vətəndaşlarının haqlı etirazına səbəb olmuşdu. Türkiyə  Cinayət Məcəlləsinə görə, Defargesin bu sözləri prezidentə sui-qəsd çağırışı kimi qiymətləndirilir.

    Aprelin 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı sənədin qəbulunu bütün bu “irad”ların məntiqi nəticəsi hesab etmək olar.  Maraqlıdır ki, Türkiyə Avropa Şurasının qurucularından biridir. İndi isə Türkiyənin qurucusu olduğu bir qurum tərəfindən qeyri-demokratiklikdə ittiham  edilməsi son dərəcə gülüncdür. Xüsusilə bu sənədin Avropa Şurasında təmsil olunan 324 nəfər üzvdən 113 nəfərin iştirakı ilə qəbul olunmasının özü demokratik prinsiplərin pozulması deməkdir.

    Sənəddə vurğulanan əsas məqam Türkiyənin postmonitorinq dövründən monitorinq dövrünə keçidi ilə bağlıdır. Qeyd edək ki, AŞPA tərkibində belə monitorinq prosedurlarının əsası 1993-cü ildə qoyulub. 1996-cı ildən 2004-cü ilə qədər Türkiyədə də monitorinq prosesləri həyata keçirilib. 2004-cü ildən başlayaraq artıq, Türkiyə postmonitorinq dövrünə keçid edib. İndiyə qədər AŞPA tarixində belə bir hala rast gəlinməyib ki, üzv dövlət postmonitorinqdən monitorinqə keçid etsin.

    Türkiyəyə demokratiya “dərsi” verməyə çalışanların hesabatında digər maraqlı məqam PKK və FETÖ-nün bir terror təşkilatı kimi qeyd edilməməsi, hətta faktiki olaraq onlara rəğbət göstərilməsidir. Hesabatda Türkiyədə son dövrlər baş verən terror, hərbi çevriliş cəhdindən sonra qoyulan fövqəladə halın mövcudluğu xüsusi narahatlıqla vurğulanır və buna son qoyulması tələb olunur. Lakin Parisdə də terror aktlarından sonra qoyulan fövqəladə hal mövcuddur və hissə-hissə bu ilin yayına qədər vaxtı uzadılmışdır. Bəs necə olur ki, bu tələb Fransa hökumətinə qoyulmur? Türkiyə eyni anda 3 terror qruplaşması – PKK, İŞİD, FETÖ ilə mübarizə aparır, ancaq Qərb özünü  görməzliyə vurur. Bu gün PKK hərtərəfli dəstəklə təmin olunur. Avropadan, Amerikadan PKK-ya qoşulanların sayı getdikcə artmaqdadır. Hətta bu yaxınlarda Türkiyənin Sincar və Qaraçoq əməliyyatından sonra ABŞ əsgərləri bu bölgədə PKK terror təşkilatının yüksək rütbəli üzvləri ilə görüşüblər və bu an çəkilib. ABŞ hərbçilərinin PKK liderlərini ziyarət etməsi Türkiyə tərəfindən, təbii ki, birmənalı qarşılanmayıb. Üzdə Türkiyəyə dəstək verən, terroru lənətləyən Qərb pərdəarxası terrorçularla bir yerdə görüntülənir. Türkiyənin Anadolu Agentliyinin jurnalisti hadisə ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerə: “PKK-nı terror təşkilatı kimi qəbul etdiyinizi deyirsiniz, lakin Türkiyənin əməliyyatından sonra ABŞ hərbçiləri həmin bölgəyə gedib və yüksək rütbəli PKK liderləri ilə görüşüblər. Bunu necə izah edə bilərsiniz?” – deyə bir sual ünvanlayıb. Lakin Toner “Həmin fotonu görməmişəm. Məncə, bu sualda ABŞ hərbçisinə qarşı hörmətsizlik var”,– deyərək sualdan yayınıb.

    AŞPA-nın sənədində Türkiyədə insan hüquqlarının pozulması, jurnalistlərin sıxışdırılması kimi qeyri-obyektiv mülahizələr irəli sürülür. Avropa nəzərə almalıdır ki, “sıxışdırılanlar”  özlərini jurnalist kimi təqdim edən, əslində isə PKK, FETÖ terror qruplaşmasının maraqlarına xidmət göstərən şəxslərdir. Və bu Türkiyənin öz daxili işidir. Heç bir qurumun və ya dövlətin Türkiyənin daxili və xarici təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi çoxşaxəli əməliyyatlara qarışmaq ixtiyarı yoxdur. Çünki bu faciələri, bu terrorları yaşayan Türkiyədir. İndiyədək heç bir Avropa qurumu, yaxud Qərb dövlətləri Türkiyədə törədilən, çoxsaylı günahsız insanların ölümü ilə nəticələnən terror hadisələrində bu dövlətin yanında olmayıb. 15 iyul hərbi çevriliş cəhdindən sonra da biz bunun şahidi olduq. Lakin Türkiyənin daxili işlərinə qarışmağa Avropa özündə “cürət” tapır. Səbəb isə aydındır: çünki regionda Türkiyə kimi güclü, qüdrətli müsəlman dövlətinin varlığı Avropanı narahat edir.

    Maraqlısı budur ki, indiyədək AŞPA-da Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması istiqamətində bir dənə də olsun sanballı sənəd hazırlanmamışdır. Azərbaycanın ədalətsiz şəkildə cəlb olunduğu müharibəni, bir milyona yaxın qaçqınımızın vəziyyətini, Xocalı soyqırımı qurbanlarını Avropa necə görməyə bilər? Amma Avropa istər Türkiyədə, istərsə də Azərbaycanda radikal müxalifətin, Vətən xainlərinin verdiyi əsassız məlumatları araşdırılmamış, yoxlanılmamış şəkildə müzakirəyə çıxarmağa hazır vəziyyətdə dayanmışdır. Aprelin 2-də Ermənistanda keçirilmiş, əvvəlki seçki kampaniyalarında olduğu kimi, ciddi qanun pozuntuları və saxtakarlıqlarla müşahidə olunmuş parlament seçkiləri barədə isə heç bir bəyanat hazırlanmadı. Bütün bunlar Avropanın ikili standartlarının isbatı deyilmi?

     

     Avropa siyasi böhranda...

     

    Bu gün Avropa qurumları ciddi böhran içərisindədir. Ötən il Böyük Britaniya Avropa İttifaqından çıxdı. Hal-hazırda Fransada prezidentliyə namizəd olan Marin Le Pen prezident seçiləcəyi təqdirdə Fransanın da Avropa İttifaqından çıxacağını bildirib. Qeyd edək ki, Hollandiya, Yunanıstan, İspaniya kimi digər Avropa dövlətlərində də bu məsələ əsas müzakirə obyektlərindəndir.  Rusiya AŞPA-da faktiki olaraq iştirak etmir. AŞPA sədri Pedro Aqramunt isə mart ayında Rusiya Dövlət Dumasının deputatları ilə birgə Suriyaya getdiyi üçün AŞPA üzvləri tərəfindən ittihamlarla qarşılaşıb, vəzifəsindən uzaqlaşdırılmaq üzrədir. ABŞ Prezidenti Donald Tramp isə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək referendumun nəticəsi ilə bağlı təbrik etdi. ABŞ-ın Türkiyədəki seçkinin nəticələrinə müsbət münasibəti Qərbin özündə mövcud olan ikitirəliyin əyani sübutudur. Bütün bunlar dünyaya özünü demokratiyanın beşiyi kimi göstərən Avropanın iç üzüdür. Görünən odur ki, radikalizmə, millətçiliyə meyilli Avropanın  hədəfi Türkiyə dövlətinin özüdür!

    Avropa İttifaqı 54 ildir ki, Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib. Türkiyə Suriyadan, İraqdan 3 milyonadək insanı qəbul etdi. Bunun əvəzində Avropa İttifaqı 2016-cı ilin iyulunda Türkiyəyə 3 milyard avro verəcəyini bəyan etdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib. Budurmu Avropanın dürüstlüyü? 27 aprel tarixində Almaniya Kansleri Angela Merkel Bundestaqda çıxışında "Son həftələrdə baş verən proseslər Almaniya və Avropa İttifaqının Türkiyə ilə əlaqələrinə mənfi təsir göstərdi. Avropa İttifaqı Türkiyənin ATƏT-in hesabatına hansı reaksiya verdiyini yaxından izləyəcək. Türkiyə bu hesabata və tənqidi müşahidələrə cavab verməlidir”- deyə bildirib. O, həmçinin Avropa İttifaqının aprelin 29-da keçirəcəyi zirvə toplantısında Türkiyə ilə bağlı müzakirələrin aparılacağını da əlavə edib. 

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın Türkiyənin yenidən siyasi nəzarətə götürülməsi barədə qərarının siyasi xarakterli və əhəmiyyətsiz olduğunu bəyan edib. O bildirib ki, bu yolla Türkiyəyə cəza verməyə çalışırlarsa, bu, əks effekt verər. Prezident Rəcəb Tayyib Ərdoğan “Reuters” agentliyinə müsahibəsində AŞPA-nın Türkiyədə demokratik institutların fəaliyyətinə dair qəbul etdiyi qərarın siyasi mahiyyət daşıdığını bildirib.

    Avropa İttifaqında hazırda dağılma prosesinin baş verdiyini qeyd edən R.T.Ərdoğan deyib: “Avropa İttifaqı bizə qarşı səmimi olmadığı üçün başqa çıxış yolları tapmağa məcburuq. Biz Avropa İttifaqının qapısında niyə bu qədər vaxt itirməliyik? Avropa İttifaqı özünə gəlməlidir. Çünki Avropa İttifaqında hazırda dağılma prosesi baş verir. Bir, iki ölkə Avropa İttifaqını saxlaya bilməz. Onlar bunu bilməlidirlər. Türkiyə kimi səmimi, fərqli dini inancı təmsil edən ölkənin orada olması onların gücünü daha da artıra bilərdi. Lakin onlar hələ də bunun fərqində deyillər. Çünki Avropa İttifaqının üzvləri arasında müsəlman ölkəsi yoxdur. Bu ölkə Türkiyə ola bilərdi, lakin onlar bunu 54 il ərzində qəbul edə bilmədilər. Bütün bunlar yavaş-yavaş ortaya çıxır. Ona görə də biz hazırda gözləməkdəyik. Hər an hər şey ola bilər”.

     

     Azərbaycanın mövqeyi...

     

    Qardaş ölkəyə qarşı bu cür qərəzli münasibət, şübhəsiz ki, Azərbaycanı narahat etməyə bilməz. AŞPA-dakı nümayəndə heyətimiz başda olmaqla, istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə münasibətlər bildirildi. Təsadüfi deyil ki, aprelin 27-də Azərbaycan diasporunun nümayəndələri Strasburqda AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına etiraz aksiyası keçirdilər. Aksiya iştirakçıları bildirdilər ki, AŞPA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Assambleyanın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi daşıyır. Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.

    Heç şübhəsiz, türklər Konstitusiya dəyişiklikləri ilə yeni bir tarixə qədəm qoydular və bir millət olaraq öz birliklərini yenə isbat etdilər. Türkiyə hökuməti haqqında uydurulan böhtanlar isə heç bir səmərə verməyəcək. Türkiyənin daxili işlərinə qarışmaq istəyən kənar qüvvələr ilk öncə millətlə hesablaşmalıdır. Türkiyəni heç kəs, heç bir qüvvə vassala çevirə bilməz.
                                                                           
                                                                                                                                                                                                                                     Nailə Məmmədova,
                                                                                                                                                                                                                                  “Azerbaijan Realities”

    2017-05-02 / 11:16
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0123