• flag
  • Xəzərdən başlayan su səyahəti

     

     

    Coğrafi baxımdan Qərblə Şərq arasında yerləşən Azərbaycanda hər iki sivilizasiya kəsişir. Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. İslam dininin yayılmasında , Müsəlman İntibahının bərqərar olmasında azərbaycanlıların da özünəməxsus rolu olmuş və İslam mədəniyyətinin formalaşmasıda böyük töhfələr vermişdir. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin təkamülünə zəmin yaratmışdır.

    Prezident İlham Əliyevin 10 yanvar tarixli sərəncamıyla 2017-ci ilin Respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi olduqca humanist və sülhsevər bir təşəbbüs oldu. Azərbaycan İslam dünyasının ayrılmaz bir parçasıdır. Bu bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir.

    “İslam Həmrəyliyi İli” ndə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi isə məsuliyyətimizi ikiqat artırır.  Qeyd edək ki, 2014-cü il 24 iyul tarixində  İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında Azərbaycan 2017-ci ildə IV İslam Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb.  Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir.  57 ölkəni təmsil edən 3 mindən çox idmançı 12-22 may tarixlərində Azərbaycanda yarışacaq. Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər ki bu, Oyunların tarixində bir rekorddur. Oyunların keçirilməsində 8 mindən çox könüllü iştirak edəcək.  IV-cü İslam Həmrəyliyi Oyunlarının proqramına 20 idman növü, o cümlədən milli idman növü olan zorxana da əlavə olunub.

    “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimində çıxış edən Prezident İlham Əliyev  bu oyunların böyük bayramı olmaqla yanaşı, həm də islam dostluğunu nümayiş etdirəcəyini bildirib. Dövlət başçısı vurğulayıb:“Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.

    İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti cənab Abdullah bin Mosaad bin Əbdüləziz isə çıxışında hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə məmnunluğunu ifadə etmiş,  göstərdiyi böyük səylərə və yüksək rəhbərliyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkür etmişdir.

    İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır.   Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edən Prezident İlham Əliyev bildirmişdir ki: “Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaqlar  xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar. 

    Dördüncü İslam Həmrəyliyi Oyunları həm ölkəmiz, həm də İslam aləmi üçün çox önəmli idman yarışı olacaq.  Bu oyunların Azərbaycanda keçirilməsi böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq miqyaslı uğurlardan biridir. Müxtəlif idman yarışlarının Bakıda keçirilməsi daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını, həmçinin beynəlxalq etimadı artırır. Xüsusilə 2015-ci ildə Avropa qitəsində ilk dəfə olaraq baş tutan Avropa oyunlarında qazanılan uğurlar  İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə təminat verir. Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, IV İslam oyunları istər təşkilati, istər struktur, istərsə də regional baxımdan yaddaqalan olacaq  və Azərbaycan belə nüfuzlu oyunları keçirməyə qadir olduğunu bir daha sübut edərək adını tarixə yazacaqdır.    

    Nailə Məmmədova

    “Azerbaijan Realities”

    2017-04-19 / 17:45
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070