VII Azərbaycan-Rusiya regionlararası forumu

Hər il ənənəvi olaraq, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən Regionlararası Forum qısa zaman kəsiyində öz səmərəliliyini və zəruriliyini sübut edib. Regionlararası forum Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə, işgüzar əlaqələrin genişlənməsinə dəstək olur. Həmçinin forum ticari-iqtisadi və investisiya tərəfdaşlığından başlamış humanitar sahədə qarşılıqlı fəaliyyətə qədər geniş məsələlərin nəzərdən keçirilməsinə, müzakirəsinə  imkan verir.

Noyabın 1-də işə başlayan VII Azərbaycan-Rusiya regionlararası forumu da ikitərəfli əlaqələrin inkişaf dinamikasının mövcud vəziyyətini təhlil etmək üçün platforma yaratdı.  Forumun açılış mərasimində prezident İlham Əliyevin və Rusiya prezidenti Vladimir Putinin adından iştirakçılara göndərilən təbrik məktubları oxundu. Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun oxuduğu məktubda forumun qarşılıqlı maraq kəsb edən sahələrin inkişafına təkan verəcəyi qeyd olunurdu.

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak etdilər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə 600-ə yaxın iştirakçı qatılmışdı.

VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, bir sıra məsələlərə dair razılıqlar əldə olundu. Ölkələr arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, eləcə də iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılan Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyətindən də məmnunluq ifadə olundu.

Qeyd edək ki, hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Belə ki, son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib. Ümumilikdə, Azərbaycan Rusiyanın 78 subyekti ilə ticarət-iqtisadi əməkdaşlıq edir. Forum çərçivəsində Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb. Daha sonra sənaye, aqrar, turizm və humanitar sahələrdə əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirildi.

Qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikliklərə gətirib çıxardığı bir dövrdə regionlararası əməkdaşlığın daha da fəallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.  Şübhəsiz belə qənaətə gəlmək mümkündür ki, VII forum da əvvəlki illərdə keçirilmiş forumlar kimi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq.

Nailə Məmmədova

“Azerbaijan Realities”

2016-11-10 / 01:00
Facebook