Azərbaycan ordusunun dinamik inkişafı

Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Atəşkəsin elan olunmasından keçən müddət ərzində Azərbaycan çoxşaxəli və məqsədyönlü strtateji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvü olmuş, regional liderə çevrilmişdir. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru olan Respublikamız istər ölkədaxili, istərsə də xarici strategiyası ilə bir sıra yeniliklərə imza atmış, sabitlik, tolerantlıq mərkəzi statusunu qazanmışdır. Müasir Azərbaycan ordusu da artıq 20 il əvvəlin ordusu deyildir. Bu gün, Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş  ordusu vardır. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur.
Hal-hazırda Ermənistanın əhalisi 3 milyona yaxındır. 1990-cı illərin əvvəlində isə bu rəqəm 3,7 milyon olub. Ciddi şəkildə enmə müşahidə olunmaqdadır. Azərbaycanın əhalisi isə 9,5 milyona yaxındır. Ciddi artım mövcuddur. Həm də torpaqların işğalına, on minlərlə şəhidin verilməsinə baxmayaraq. Ermənistanın 2014-cü il üçün dövlət büdcəsi 3 milyard dollara yaxındır. Azərbaycan isə illik büdcədən  təkcə 3,8 milyard dollara yaxın vəsaiti ölkənin müdafiəsi məqsədilə ayırmışdır. Yəni Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir.
Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və potensialını, həm də modernləşdiyini nümayiş etdirir. Bu paradlar bir daha sübut edir ki,  Azərbaycan Silahlı Qüvvələri qüdrətlənmiş və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilmişdir.

Nailə Məmmədova

Azerbaijan Realities

 

2015-06-25 / 00:00
Facebook