Bakı Avropanı gözləyir

24 illik müstəqillik tariximizə baxmayaraq nailiyyətlərimiz çoxillik tarixi olan əksər dövlətlərin nailiyyətlərindən daha çoxdur. Bu, Azərbaycanın öz gücünə əldə etdiyi, ağıl gücünə idarə etdiyi müstəqilliyinin bəhrəsidir. Bu həftə baş tutacaq ilk Avropa oyunları da nəinki Avropa, eləcə də dünya tarixinə Azərbaycan adını əbədi həkk edəcəkdir. 

Bakı Avropa oyunlarında Avropanın 49 ölkəsindən 6000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq. Oyunlar:

- Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə;

- ölkəmizin turizm potensialının nümayiş olunmasına;

- Azərbaycanın artan iqtisadi-siyasi inkişafının tanıdılmasına;

- milli-mənəvi dəyərlərimizin (qədim və zəngin mədəniyyətimizin, milli mətbəximizin, qonaqpərvərlik kimi özünəməxsus ali keyfiyyətlərimizin və s.)  Avropa cəmiyyətinə təqdim olunmasına;

- multikulturalizmin, tolerant mühitin hakim olduğu Azərbaycanın tanıdılmasına;

- Şərq və Qərbin beşiyi, sivilizasiyalararası dialoq məkanı olan Respublikamızın obyektiv şəkildə qiymətləndirilməsinə -  imkan verəcək.

Reallaşan çoxşaxəli fəaliyyətin əsas məqsədi oyunların maksimum şəkildə planlı, məntiqi təşkili, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycanın istər idman, istərsə də iqtisadi-siyasi sahədə nail olduğu böyük uğurların nümayişidir.

Lakin ,təəssüf ki, ölkəmizin bu nailiyyəti bir qisim daxili və xarici qüvvələr tərəfindən təhrif olunur. Yerli və xarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv paylaşılan məlumatlar oyunqabağı Azərbaycanın imicinin pozulmasına yönəlmiş addımlardır. Respublikamız zaman-zaman anti-azərbaycan fəaliyyətlə üz-üzə qalsa da, bu arzuda olanlar üçün fiasko qaçılmaz olmuşdur. Çünki nəticə təhrif oluna bilməz. Fəaliyyət, əmək, zəhmət öz nəticəsini verəcək və Bakı Avropa oyunları Avropa tarixində ilk və əvəzsiz bir yarış olaraq qeyd olunacaq. Azərbaycan bu etimadı da doğruldacaq, belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək, Respublikamız öz adını tarixə salacaqdır.

Nailə Məmmədova
 

2015-06-10 / 00:00
Facebook