Avropa oyunları; niyə Azərbaycan?

Olimpiya oyunlarının vətəni hesab olunan Avropa qitəsində birinci dəfədir ki baş tutacaq Avropa oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq miqyaslı uğurlardan biridir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın dünyəvi arenada qazandığı uğur, tutduğu yeri ilə bağlıdır. Müstəqillik əldə etdikdən sonra səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının artması ilə nəticələnmişdir. Nəzərə almaq lazımdır ki, buna qədər Respublikamız bir neçə dəfə beynəlxalq diqqəti öz üzərinə toplaya bilmişdir. 2011-ci ildən BMT-nin qeyri-daimi üzvü kimi start götürən 2 illik səmərəli fəaliyyət, 2012-ci il Eurovision mahnı müsabiqəsinin Bakıda keçirilməsi, FİFA U-17 Qadınlar arası dünya çempionatı, 2013-cü il Azərbaycanın milli peykə malik azsaylı dövlətlər siyahısına daxil olması, həmçinin BEİD Dırmanma üzrə Dünya Kuboku və “F2 Bakı Qran-Pri” tədbirləri,  2014-cü il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və s. bu kimi addımlar Azərbaycan adının tez-tez hallanmasını zəruriləşdirmişdi. Müasir Azərbaycan bir çox beynəlxalq tədbirlərə, konfranslara, həm idman, həm də digər yönümlü dünya və  Avropa çempionatlarına ev sahibliyi etməklə çoxşaxəli inkişafını sübut etmişdir. Bir-birini əvəzləyən idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını, həmçinin beynəlxalq etimadı artırdı.

İdman tarixən xalqımızın milli-mənəvi dəyərlərindən birinə çevrilmişdir. İstər SSRİ tərkibində, istərsə də müstəqillik dövründə idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanını dünyaya tanıtmışdır. Xüsusilə müstəqilliyimiz əldə etdikdən sonra idman milli ruhla yoğrularaq daha da perspektiv olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunmuş və bu il Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdı. Ələlxüsus, London Olimpiyadasında idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanının varlığını təsdiqləmişdi.
Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın   dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan yaradır. Təsadüfi deyildir ki, bu uğurlar Avropada baş tutacaq ilk oyunların Azərbaycanda keçirilməsi üçün məntiqi zəmin hazırladı. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə danılmazdır.

Nailə Məmmədova
Azerbaijan Realities
 

2015-04-09 / 00:00
Facebook